Yunanıstanda erkən seçkini ana müxalifət partiyası uddu

0
10

Yunanıstanda dünən baş tutan seçkilərin ardınca Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlərə görə, sandıqların 90 faizi açılıb. Səslərin 39,8 faizini əldə edən ana müxalifət mühafizəkar Yeni Demokratiya Partiyası təkbaşına hökumət qura biləcək üstünlüyü əldə edib.

AnTV.azBBC-yə istinadən xəbər verir ki, 39,8 faiz səs 300 nəfərlik parlamentdə 158 millət vəkili yeri qazanmaq deməkdir. Qutuların qalan 10 faizi açıldığı zaman da böyük bir dəyişiklik baş verəcəyi gözlənilmir. YDP 158 millət vəkili ilə parlamentdə təmsil olunacağı təqdirdə təkbaşına hökumət quracaq çoxluğu əldə etmiş olur.

YDP lideri Kiryakos Miçotakis, iqtidardan gedən “Siriza”nin lideri Aleksis Çiprasdan baş nazirlik səlahiyyətlərini bu gün təslim alacaq. 2015-ci ildən bu günə qədər iqtidarda olan “Siriza”nın səs faizi bu seçkidə 31.6 faiz olub. Bu faizlərə görə partiya 86 millət vəkili ilə parlamentdə təmsil oluna bilir.

Radikal sağçı “Qızıl şəfəq” partiyası isə 3 faizlik nəticə notmativini aşa bilməyib. Onlar 2.9 faizlə bu dəfə parlamentə girə bilmir.

Miçotakis: “Dar dalandan çıxış yolları axtaracağam”

Erkən seçkinin qalibi Kiryakos Miçotakis ilk mətbuat konfransında “bütün yunanların prezidenti olacağını” bildirib və bir öncəki hökumətə işarə edərək deyib: “Dar bir dalana salınan yunanları bu dalandan çıxarmağa çalışacağam. Həyat şərtlərini yaxşılaşdıracaq, investisiyaları təşviq edəcək, asayiş və təhlükəsizliyi sağlamlaşdıracaq yolları açmağı hədəfləyirik. YDP hökumətini çətin günlər gözləyir. Amma canla-başla çalışacağımızdan heç kimin şübhəsi olmamalıdır”.

Çipras: “İqtidar dəyişikliyi elə demokratiyanın özü deməkdir”

Yunanıstandakı seçkilərdə uduzan baş nazir və radikal sol “Siriza” partiyasının lideri Aleksis Çipras isə vəzifəsini təslim edəcəyi Miçotakisi təbrik edib: “Vətəndaşların səsi ilə həyata keçirilən iqtidar dəyişikliyi demokratiyanın özü deməkdir”.
Çipras YDP hökumətinin intiqamçı bir siyasət həyata keçirməməsinin vacibliyini vurğulayıb: “Siriza güclü bir ana müxalifət partiyası olacaq. 2015-ci ildə iqtidara başımız dik gəldik. 2019-cu ildə başımız dik ayrılırıq”.

Çipras baş nazirliyin təhvil-təslim prosesinin bazar ertəsi günü baş tutacağını deyib. Bu seçkilərin mütləq qalibi Kiryakos Miçotakisin eyni gün hökumət kabineti quracağı və ilk nazirlər toplantısını da çərşənbə axşamı günü keçirməsi gözlənilir.

Kiryakos Miçotakis kimdir?

Bu seçkilərin qalibi YDP lideri Kiryakos Miçotakis siyasi bir ailədən gəlir. 1968-ci ildə Atinada dünyaya gəlib, Harvard Universitetinin Sosial elmlər fakültəsinin məzunudur. 2004-cü ildə ilk dəfə YDP-dən millət vəkili seçilib. 2016-cı ildə isə partiyasının lideri olub.

Kiryakos Miçotakis 1989-92 illərdə baş nazir olan Konstantin Miçotakisin oğlu, keçmiş xarici işlər naziri Dora Bakoyanninin qardaşı, son bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə Afina şəhərinin bələdiyyə sədri seçilən Kostas Bakoyanninin dayısıdır.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin