Yeni hərəkat yaranır, ictimai-siyasi xadimlər böyük qüvvə ilə bir araya gəlir – Kimlər var?

0
497

Azərbaycanda ilk olmasa da yeni və görünməmiş hərəkat yaranır.

AnTV.az xəbər verir ki, yeni yaradılan hərəkatın adı “BİZ – Birlik İnkişafa Zəmanətdir Vətəndaş Təşəbbüsləri” adlanır.

Qısa olaraq “BİZ” adı ilə fəaliyyətə başlayan platformanın digərlərindən fərqi daha böyük çevrəyə malik olması, qoşulan ictimai-siyasi xadimlərin ölkənin sərhədlərindən kənara gedib çıxmasıdır. Yeni yaradılan hərəkata qoşulan və qoşulacaq olan şəxslər Azərbaycanın siyasi arenasında yetəri qədər sözünü demiş şəxslərdir. Bu da hərəkatın ölkənin daxilində və xaricində tanınmasına, daha çox siyasi fəalların qoşulmasına səbəb olub.

İlk öncə hərəkatın təqdimatı ictimaiyyətə çatdırılıb:

“Dəyərli dostlar!
Azərbaycan son müstəqillik tarixinin ən qeyri-müəyyən dövrünü yaşayır. Ölkə ictimai-siyasi və sosial-iqtisadi böhranın astanasındadır. Karantin şəraitinin formalaşdırıdığı ağır şərtlər və ölkənin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşmasının gətirdiyi çaşqınlıq hakimiyyəti qeyri-real, sistemsiz və səmərəsiz addımlar atmağa sövq edir.
Hətta ölkə üçün belə taleyüklü məqamda da hakimiyyətin müstəqil düşüncə sahiblərinin tövsiyə və məsləhətlərinə məhəl qoymaması, ən başlıcası da ağır durumda belə şəxsi maraqlarından imtina edə bilməməsi ölkənin və onun vətəndaşlarının gələcəyini sual altına qoyur.
Fəaliyyətsizliyinin ağır nəticələrə səbəb olacağını yaxşı anlayan hakimiyyət “qabaqlayıcı tədbirlər” görür, siyasi azadlıqları daha da məhdudlaşdırır, mediaya nəzarəti gücləndirir, pandemiya ilə mübarizədə vahid proqramının olmaması səbəbindən gah karantin vəziyyətini yumşaldır, gah da sərtləşdirəcəyi ilə bağlı hədə-qorxu gəlir.
Ölkəni idarə edənlərin Azərbaycanın sabahı ilə bağlı aydın təsəvvürü olmadığından, onlar vaxt udmağa çalışır, plansız addımları ilə nəyisə dəyişəcəklərinə ümid edirlər. Məmurların həbsləri korrupsiya ilə mübarizə kimi təqdim olunsa da, əslində ölkədə xof yaratmağa hesablanılıb. Hakimiyyətin tənqidçilərinin karantin rejimini pozmaqda ittiham olunaraq cəzalandırılması isə ölkədəki ictimai-siyasi gərginliyi bir qədər də artırmaqdadır.
Bütün bu oyunlar ölkə əhalisinin onsuz da məhdud olan resurslarının sürətlə tükənməsi fonunda baş verir. Ölkə sürətlə uçuruma doğru sürüklənir, onu dayandırmaq hər birimizin vətəndaşlıq borcudur.
Bu gün ölkənin yaxın və orta müddətli perspektivi haqda düşünmək, ölkəni bu durumdan xilas edəcək ağıllı ideyalar ətrafında birləşərək vətəndaş fəallığını artırmaq və nəhayət, hakimiyyətə ölkə əhalisinin öz müqəddəratına laqeyd olmadığını, taleyinə sahib çıxmağı bacardığını nümayiş etdirmək, qətiyyət göstərmək hava-su kimi vacibdir.
Yalnız bu halda BİZimlə hesablaşacaqlar!
Ancaq bu şərtlər daxilində sadə Azərbaycan vətəndaşı öz konstitusion hüquqlarını bərpa edə, ölkəsinə sahib çıxa biləcək!
Əziz həmvətənlilər!
“BİZ” Böhran Platformasını ərsəyə gətirməkdə məqsədimiz azad fikir və sağlam düşüncə meydanında müzakirə və mübadilə imkanı yaratmaq, cəmiyyət olaraq gücümüzü və iradəmizi göstərmək, fərd olaraq taleyimizə biganə olmadığımızı hər kəsə anlatmaq və ölkəni düşdüyü böhrandan çıxarmaq naminə sağlam birliyə nail olmaqdır.
“BİZ” Böhran Platforması Azərbaycanın düşdüyü korrupsiya və avtoritarizm bataqlığından xilas olması, ölkəmizin sabit və çiçəklənən gələcəyi naminə çalışmağa hazır olan hər kəsin meydanıdır. Özünə inanan, BİZ-ə güvənən, “gələcəyimiz öz əlimizdədir”düşüncəsinə hakim olan hər kəsi bu meydanda görməkdən şərəf duyarıq.
BİZ – Birliyin İndi Zamanıdır! BİZ – Birlik İnkişafa Zəmanətdir.”

İlkin olaraq “feysbuk” üzərindən fəaliyyətə başlayan platforma gələcəkdə “instagram”, “You Tube” üzərindən də yayımlanması nəzərdə tutulur.

Bir neçə gündür yaranmasına baxmayaraq hərəkata artıq bir neçə tanınmış siyasətçi qoşulub.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu hərəkatın yaranma səbəblərini, məqsəd və planlarını izləyicilərə təqdim edib:

“BİZ hardadır? BİZ “feyzbuk”dadır, BİZ “instagram”dadır, BİZ gələcəkdə “You Tube”dədir. BİZ hər yerdədir: BİZ eyni zamanda Bakıdadır, BİZ Təbrizdədir, BİZ Moskvadadır, BİZ Ankaradadır, BİZ Brusseldə, Kopenhagendə, Berlində, Stokholmdadır. BİZ Fransada, Parisdə, eyni zamanda ABŞ-da, Vaşinqtonda, Nyu-Yorkda, Los Ancelesdə, hər yanda vardır. Azərbaycanlılar bütün dünyaya demək olar ki, səpələniblər amma bizim bir vətənimiz var, hesab edirəm ki, bu vətən üçün birləşmək və BİZ platformasında vətənin problemlərin həllini axtarmağın artıq vaxtıdır…”    

BİZ Platformasının Təşəbbüs qrupunun üzvü Qubaq İbadoğlunun video çıxışı

Qubaq İbadoğlunun BİZ platformasının təqdimatı

Опубликовано BİZ – Birlik İnkişafa Zəmanətdir Vətəndaş Təşəbbüsləri Пятница, 15 мая 2020 г.

 

Keçmiş səfir, hazırda mühacir həyatı yaşayan Arif Məmmədov da hərəkatın təqdimatını edib:

“Bu gün mən sizin qarşınızda yeni yaranmış “BİZ İçtimai Təşəbbüs qrupu adından müraciət edirəm. Bu hərəkatın sıralarında ölkənin tanınmış ziyalıları, ictimai siyasi xadimləri, xalqımızın tanıdığı və sevdiyi insanlar bir araya gəlib. Bizim məqsədimiz ölkədə insan haqları, demokratiya və qanunun aliliyinə nail olmaqdır. Bizim bu dəyərlərə şərik olan ölkədəki istənilən siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırıq”

BİZ Platformasının Təşəbbüs qrupunun üzvü Arif Məmmədovun video çıxışı

Arif Məmmədovun BİZ platformasının təqdimatı

Опубликовано BİZ – Birlik İnkişafa Zəmanətdir Vətəndaş Təşəbbüsləri Пятница, 15 мая 2020 г.

 

Daha sonra Amerikada mühacir həyatı yaşayan politoloq Ərəstun Oruclu öz növbəsində platformanın təqdimatını edib:

BİZ Platformasının Təşəbbüs qrupunun üzvü Ərəstun Oruclunun video çıxışı

Ərəstun Oruclunun BİZ platformasının təqdimatı

Опубликовано BİZ – Birlik İnkişafa Zəmanətdir Vətəndaş Təşəbbüsləri Пятница, 15 мая 2020 г.

 

Aldığımız özəl məlumata görə, qarşıdakı günlərdə digər tanınmış siyasətçilərin, ictimai xadimlərin də hərəkata qoşulması gözlənilir.

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin