Vaşinqtondan Ankaraya tələb: Ya S-400, ya da F-35

0
5
ABŞ hökuməti Ankaranı Rusiya və ABŞ silahları arasında seçim etməyə məcbur edir

Türkiyəli hərbi pilotların ABŞ-dakı təlimləri dayandırılıb. BBC-nin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Mayk Endryus “Reuters” agentliyinə açıqlama verib. Onun sözlərinə görə, türkiyəli pilotlar artıq Arizonadakı F-35 təlim bazasında uçuşları həyata keçirmir.

AnTV.az-ın “Musavat”-a istinadən bildirdiyinə görə, Pentaqon sözçüsü deyib ki, Türkiyənin siyasətində dəyişiklik olmadığı təqdirdə, F-35 proqramının ləngidilməsi davam edəcək. Agentliyə açıqlama verən başqa bir amerikalı hərbi rəsmi isə ötən həftə Arizonadakı Luke həbi bazasının komandanlığının “təhlükəsizlik səbəbi ilə” ötən həftədən etibarən türkiyəli pilot və texniki heyətin təlimlərini dayandırdığını deyib. Ancaq mənbə hazırda Florida ştatının Eglin hərbi hava bazasında türkiyəli texniki heyətin F-35 təlimlərində iştirak etdiyini deyib. Agentlik onu da vurğulayıb ki, proqrama əsasən, türkiyəli pilotların Amerikadakı təlimlərin iyulun sonuna qədər davam edəcək.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin Türkiyə müdafiə naziri Hulusi Akara yazdığı və bir neçə gün əvvəl açıqlanan məktubda Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alacağı təqdirdə, 2019-cu il iyulun 31-dən etibarən Türkiyənin planetin ən modern hərbi təyyarəsi olan F-35 layihəsindən çıxarılacağı ilə bağlı xəbərdarlıq yer alıb.

Qeyd edək ki, ötən həftə sonu mətbuata sızan məktubda bir sıra mətləblər əksini tapıb. ABŞ müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan tərəfindən yazıldığı iddia edilən məktubda Türkiyə S-400-lərdən imtina etməyəcəyi təqdirdə türk pilotların F-35 təliminin dayandırılacağı qeyd olunur. Eyni zamanda Rusiya ilə hərbi əməkdaşlığın, yəni konkret olaraq S-400 alınmasının Ankaranın NATO ilə əlaqələrini axsadacağı bildirilir. Ankara S-400-ləri alacağı təqdirdə ABŞ Konqresində Türkiyəyə qarşı “ABŞ-ın rəqibləri ilə sanksiyalarla mübarizə qanunu” (CAATSA) çərçivəsində sanksiyaları qəbul edə biləcəyi mövzusunda “güclü bir qətiyyət olduğu” vurğulanıb.

Türkiyə Müdafiə Nazirliyi isə qeyd olunan məktuba cavab olaraq yaydığı rəsmi açıqlamada iki ölkə arasında müdafiə və təhlükəsizlik mövzularını əhatə edən məktubda təhlükəsizlik sahəsində əməkdaşlığı mühafizə edəcək həll yolunun tapılması yönündə gözlənti yer alıb. Danışıqların davam etdirilməsinin önəmi vurğulanıb. Eyni zamanda Ankara S-400 anlaşmasının qüvvəsində olacağını fərqli məqamlar vasitəsilə dilə gətirib.

Qeyd edək ki, Türkiyə ilə F-35 təyyarələrinin istehsalçısı “Lockheed Martin” şirkəti arasında imzalanmış 9 milyard dollarlıq anlaşmaya əsasən, Türkiyə 100 ədəd F-35 təyyarəsi alacaq. Təyyarələrin təhvil-təslimi bu il baş tutmalıdır. Bu il Türkiyə həm Rusiyadan S-400 sistemlərini, həm də ABŞ-dan F-35 döyüş təyyarələri alacaq. Hazırda türkiyəli hərbçilər Rusiyada S-400 HHM sistemlərinin istifadəsi təlimlərində iştirak edir.

Ancaq Vaşinqton açıq şəkildə bəyan edir ki, Türkiyənin hər iki silahı almasına razı olmayacaq. Vaşinqton Türkiyənin bu il Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemlərini F-35-lər üçün rəqib hərbi sistem olaraq görür və Türkiyənin eyni zamanda həm F-35, həm də S-400 sistemlərini almasını F-35 proqramı üçün riskli hesab edir. Amerikalıların iddiasına əsasən, S-400-lər F-35-in xüsusiyyətlərini ələ keçirə bilər, proqramını riskə ata bilər.

Türkiyə isə bu mübahisəni həll etmək üçün Vaşinqtona ortaq komissiya qurmağı təklif edib. Ancaq vaxt daraldığı üçün indi Vaşinqton Ankaraya təzyiqləri artırır.

Xatırladaq ki, ötən ay ABŞ-ın “CNBC” telekanalı Vaşinqtonun Ankaraya S-400 sistemlərindən imtina etməsi üçün iyun ayının 7-dək vaxt verdiyi haqda xəbər yayıb. Ancaq müdafiə naziri Hulusi Akar bu məlumatı təkzib edib, Ankaraya hər hansı vaxt verilmədiyini bildirib. Akar Türkiyənin yaxın aylarda S-400-ləri təhvil alacağını bildirib.

Xatırladaq ki, Türkiyə dünyanın ən məşhur silah istehsalçısı olan “Lockheed Martin” şirkətinin həyata keçirdiyi “Müştərək Hücum Proqramı” çərçivəsində 5-ci nəsil döyüş təyyarələri hesab olunan F-35 “Lightning II” layihəsinə 2002-ci ildə qoşulub. Ümumi məbləği 25 milyard olan anlaşmaya əsasən, F-35 qırıcılarının bəzi ehtiyat hissələri Türkiyədə istehsal olunacaq və Ankara 116 qırıcı alacaq. Layihənin şirkətinin saytında qeyd olunan məlumata əsasən, Türkiyə şirkətləri F-35-in ehtiyat hissələrinin istehsalından 12 milyard dollar gəlir əldə edəcək. Bu layihədə Türkiyənin ASELSAN, HAVELSAN, ROKETSAN, AYESAŞ, Alp Havacılık, Türk Havacılık və Uzay Sanayii (TUSAŞ) kimi şirkətləri iştirak edir.

Ən müasir, 5-ci nəsil döyüş təyyarələri olan F-35-lər hazırda öz kateqoriyasında birincilərdən hesab olunur. Uzunluğu 15, 4 metr, qanadlarının eni 10,7 metr olan döyüş təyyarələri 31,8 ton ağırlığındadır. Bu təyyarələr birdəfəyə 2200 kilometr uça bilir. F-35 qısa məsafəli qalxma-enmə, şaquli qalxma-enmə, radara görünməzlik texnologiyası və bağlı hissələrdən silah sistemlərinin tətbiqi kimi xüsusiyyətlərə malikdir.

Son gedişat göstərir ki, həqiqətən də Vaşinqtonun Türkiyəni F-35 proqramından çıxarmaq fikri var. Faktiki olaraq ABŞ hakimiyyəti Türkiyəni S-400 və F-35 arasında seçim etməyə məcbur edir. Türkiyə ya S-400 almağa davam etməli və F-35-lərdən imtina edib, onun rus analoqu hesab olunan SU-57 təyyarələrinə müştəri ola bilər. Görünən odur ki, ruslar da bu anlaşma üçün maraqlıdır. Ancaq Türkiyənin NATO və ABŞ kimi müttəfiqlə tamamilə üzülüşüb Rusiyaya yaxınlaşması ciddi risk yarada bilər.

İkinci variant isə Türkiyənin Rusiyanın S-400 sistemlərindən imtina edib Vaşinqtonun təklif etdiyi “Patriot” sistemləri almasıdır. Ancaq bu zaman Türkiyə Rusiyanın təzyiqləri, o cümlədən maddi təzminat tələbləri ilə üzləşə bilər. Üstəlik, Türkiyənin indi maraqlı olduğu silah sistemlərini şaxələndirmə prosesi də dayanmış olar.

Ankara üçün ən ideal olan hər iki silahı almaqdır. Bunun üçün Ankara Vaşinqtona F-35-ləri S-400 riskindən qorumaq üçün təklif etdiyi ortaq komissiya qurulmalıdır. Ancaq Vaşinqton hələlik bununla razılaşmır və Ankaraya təzyiqi artırır. Türkiyə iki silahdan birini seçməli olacaq kimi görünür.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin