Tofiq Yaqublunun işi rayon məhkəməsinə qaytarılıb – vəkili onunla görüşüb

0
7

Elçin Sadıqov: “Əhvalı yaxşıdır”

AnTV.az xəbər verir ki, həbsdə olan Müsavat Partiyası və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu bu gün vəkili Elçin Sadıqovla görüşüb.

Bu barədə müsavat.com-a vəkilin özü məlumat verib.

E.Sadıqov hüquqlarını müdafiə etdiyi şəxslə görüşü barədə bunları deyib: “Tofiq bəylə indi görüşdən çıxdıq. Nemət Kərimli ilə bir yerdə görüşdük. Əhvalı yaxşıdır. Dostlara salamı var. Onun işindən apellyasiya şikayəti vermişdik və aprelin 7-də hakim Kamran Əkbərov tərəfindən şikayətə baxılmalı idi. Nizami Rayon Məhkəməsində məhkəmə protokolu yanlış yazılmışdı. Bununla bağlı qeydlər vermişdim. Bu qeydlərə baxılmadan iş Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ona görə də, iş Nizami Rayon Məhkəməsinə qaytarıldı. Qeydlərə baxılıb, iş təzədən Apellyasiya Məhkəməsinə göndəriləcək. Gələn həftə şikayətə baxılmalıdır. Çünki Apellyasiya Məhkəməsinə iş daxil olduqdan sonra üç gün ərzində baxılmalıdır. Tofiq bəyin elə də ciddi bir problemi yoxdur”.

Qeyd edək ki, T.Yaqublu martın 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

Daxili İşlər Nazirliyinin bu həbslə bağlı yaydığı məlumatda bildirilib ki, martın 22-də günorta saat 15:00 radələrində paytaxtın Nizami rayonu ərazisində T.Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daha sonra T.Yaqublu avtomobildən düşərək E.Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman E.Cəbrayılovun həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda T.Yaqublu qadını da itələyib və C.Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. Müsavat funksioneri irəli sürülən ittihamları qəbul etmir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin