Şri-Lankada müsəlmanlara hücumlar başlayıb

0
10
Ölkədə baş yepiskopu bəzi siyasi qüvvələr etnik-dini münaqişəni alovlandırmaqda ittiham edib

Şri-Lankada müsəlmanlara məxsus fabrik yandırılıb. BBC-nin məlumatına görə, paytaxt Kolombonun şimalında yerləşən fabrik müsəlmanlara düşmən qruplar tərəfindən yandırılıb və içəridəki əşyalar məhv edilib.

Aprelin 21-də Şri-Lankada baş verən və 253 nəfərin ölümünə səbəb olan terror hadisələrindən sonra müsəlmanlara qarşı nifrət artıb. Ölkənin baş yepiskopu Malkolm Kardinal Ranjit Şri-Lankada müsəlmanlara qarşı hücumları pisləyib, bütün etnik və dini qruplara birlik çağırışı edib. Hücumların dayandırılmasına çağıran Kardinal müsəlmanlara xitabən “bu cür pis niyyətli hücumlar qarşısında qorxmayın və səbrli davranın” deyib.

Kardinal Ranjit deyib ki, müsəlmanların ibadət və iş yerlərinə olan hücumlar siyasi bağlantılıdır. O, siyasi liderlərə də müraciət edərək tərəfdarlarını sakitləşdirməyə çağırıb.

Qeyd edək ki, məlum terror olaylarından sonra ölkənin müxtəlif bölgələrində müsəlman əleyhdarı qruplar fəallaşıb. Bir qədər əvvəl Şri-Lankanın şimal-qərbindəki Puttalam əyalətində radikal qrup 45 yaşlı müsəlmanı bıçaqlayaraq öldürüb.

Malkolm Kardinal Ranjit

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada xristianların Pasxa bayramı günü 3 kilsədə və paytaxt Kolomboda 3 lüks hoteldə olmaqla ümumilikdə 8 terror aktı törədilib. Terror aktı nəticəsində 253 nəfər ölüb, 500 nəfərdən çox insan isə yaralanıb. Partlayışlara görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. İŞİD-in təbliğat agentliyi “Amaq”ın yaydığı açıqlamada bildirilir ki, hücumların hədəfi koalisiya ölkələrinin vətəndaşları və Şri-Lankadakı xristianlardır. Ancaq İŞİD terror hücumunun məsuliyyətini üzərinə alsa da, bunu necə və hansı vasitə ilə törətdiyini açıqlamayıb.

Terror aktına görə 60 nəfər saxlanılıb. Ümumilikdə terror aktını 9 nəfərin həyata keçirdiyi ehtimal olunur. 9 terrorçudan ikisi ölkənin ən varlı müsəlman iş adamlarından olan Məhəmməd Yusif İbrahimin oğlanları olub. Polis iş adamını həbs edib.

Şri-Lanka hökuməti bəyan edib ki, ölkədə İŞİD-lə bağlantısı olan 140 nəfərin şəxsiyyəti müəyyən olunub və bu şəxslərin axtarışları davam edir.

Şri-Lankada etnik-dini münaqişənin 70 ildən çox yaşı var. 1948-ci ildə ada müstəqil olduqdan sonra ölkə əhalisinin 12 faizini təşkil edən Tamil xalqı müstəqilliyin verdiyi siyasi hüquqlardan yararlana bilməyib. Əvvəlcə etnik münaqişə kimi başlayan hadisələr Şri-Lankada 1981-2009-cu illərdə davam edən qanlı müharibəyə çevrilib. Hökumət qüvvələri və “Tamil Pələngləri” qruplaşması arasında baş verən toqquşmalar nəticəsində bəzi rəqəmlərə görə 70, bəzilərinə görə isə 100 min insan ölüb. Nəhayət, 2009-cu ildə hökumətin tamillərə qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində qruplaşmanın əyalətdəki, ümumiyyətlə, Şri-Lankadakı hərbi varlığına son qoyulub. Bu əməliyyatlar zamanı 40 min Tamil öldürülüb.

21 aprel terroru göstərir ki, etnik və dini sahədə problemlərin qalması terrorizm üçün münbit şərait yaradır. Hazırda 21 milyon əhalisi olan Şri-Lankanın 9,7 faizini müsəlmanlar təşkil edir.

 

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin