Mədəniyyət

"Sözə baxan deyildim, böyüdüm və belə də qaldım"

AnTV.az aktrisa-teleaparıcı Zümrüd Qasımovanın Moderator.az-a verdiyi müsabibəsin təqdim edir:

– Zümrüd xanım, hal-hazırda “Xəzər” telekanalında “Qayıda bilsəm” verilişi ilə tamaşaçıların görüşünə gəlirsiniz. İstərdim söhbətimizə də bu layihə haqda danışmaqla başlayaq.

– Bu layihə “Üçbucaq” mediyanın məhsuludur. Çox gözəl, çətin və fərqli bir layihədir. Müsahiblərimlə onların doğulub boya-başa çatdığı yerləri gəzirik, məktəbinə gedirik, və s. Verilişdə elə qonaqlarım olub ki, onların taleyi həqiqətən də mənə pis təsir edib. Bəziləri taleyini danışır, bəziləri isə gizlədir. Hətta elə sənət adamlarımız da var ki, onlarla əlaqə saxlayıb, verilişə dəvət edirəm, mənə deyirlər ki, oralara qayıtmaq istəmirəm. Çünki hər kəsin həyatında acılı-şirinli xatirələr var. Arzu edirəm ki, verilişimiz uzun ömürlü olsun, qonaqlarımla Şuşaya, Xankəndinə və digər işğaldan azad olunmuş ərazilərimizə də gedə bilək. İnanıram ki, bu da olacaq. Layihə hələ ki, bəyənilir. Bəzən deyirlər ki, sənət adamları ilə bağlı olan verilişlər reytinq vermir, amma bizim verilişin reytinqi çox yüksəkdir. Onu da deyim ki, hər bölüm efirə getdikdən sonra fərqli-fərqli sahənin insanları zəng edir, təşəkkürlərini bildirirlər. Bu mənə çox xoş təsir bağışlayır. Mən çalışıram ki, bu verilişdə təkcə müğənnilər deyil, incəsənətin bütün sahələrini təmsil edən sənətçilər iştirak etsin.

– Zümrüd Qasımova hansı illərə qayıtmaq istəyər?

– Çox istərdim uşağlıq illərimə, nənəli-babalı günlərimə qayıdım. O qayğısız, sağlam günlərimə. Uşağlığımdan danışanda qəhərlənirəm. Sənət adamlarının əksəriyyəti bu halı yaşayır.

– Uşağlıqdan söz düşəndə hər zaman qəhərlənirəm deyirsiz. Yaşadığınız həyat çətin olub?

– Uşağlıq illəri hamı kimi mənim də ən qayğısız illərimdir.  Ona görə ora qayıtmaq istəyirəm. Çünki nənəm-babam olanda hər şey gözəl idi. Hər yay tətilində kəndə gedərdim. Əlbəttə ki, uşağlığım çətin olub. 1990-cı illərə qədər hər şey çox yaxşı idi, 90-cı ildən sonra işsizlik, çətinlik.. Valideynlər üçün çox çətin günlər idi.

– Zümrüdü nə və yaxud kim dəyişdi? Çünki illər öncəki Zümrüdlə indiki Zümrüd arasında yerlə-göy qədər fərq var.

– Bəzən mənə elə gəlir ki, bu cür doğulmuşam, məni heç nə dəyişməyib, dəyişə də bilməz. İnsanın xarakteri uşağlıqdan formalaşır. Uşaq olarkən bu cür tərs idim, sözə baxan deyildim, inadkar idim. Böyüdüm və belə də qaldım.

– Siz həm də ağır xəstəlik sayılan xərçəngdən sağaldınız. Özünüzü güclü qadın adlandırardınız?

– Bilirsiz, yaşamaq istəyən hər bir insan güclüdür. Mənə bu həyatı Allah yenidən bəxş etdi, bədənimin gücü, iradəmlə bu xəstəliyə qalib gəldim. Özümü bəzən güclü, bəzən isə gücsüz qadın hesab edirəm.

– Güclü qadın əslində kimə deyilir?

– Bütün işlərin və problemlərin öhdəsindən təkbaşına gələn qadına güclü qadın deyilir. Fərq etmir, həm kişi işini görən, həm də qadın işini.

– Hər qadın güclü ola bilirmi?

– İradəsi olan hər bir qadın və bəy güclü ola bilir.

– Yaşadıqlarım bir daha mənə öyrətdi ki…

– Yaşadıqlarım bir daha mənə öyrətdi ki, bu həyatda heç nə əbədi deyil.

– Siz həm də uzun illərdir “Yuğ” teatrında çalışırsız, sözün düzü, gəlin etiraf edək ki, siz kino aktrisa və  aparıcı kimi tanınırsınız. Yuğ teatrında çalışdığınızı bir çoxları bilmir. Bu nə ilə əlaqədardır?

– Bəli, mən artıq 18 ildir ki, Dövlət Yuğ Teatrında çalışıram. Fəxr edirəm ki, məhz bu teatrı seçib, bura gəlmişəm. Çünki bu teatr mənim ruhumdur, qanımdır, canımdır. Bəli, bir çox tamaşaçılar məni televiziya ekranlarından tanıyır. Hətta deyəndə ki, teatrda çalışıram, kiçik şok yaşayırlar (gülür). İnanmırlar. Teatra axın azdır, amma televiziya, kino, efir daha məşhurlaşdırır sənətçini. Mən kino sahəsində özümü çox bədbəxt aktrisalardan hesab edirəm, çünki kinoda mənim bəxtim gətirmədi. Demək olar ki, kinolara çəkilməmişəm. Bir aktrisa kimi bu mənim üçün böyük faciədir. Çünki mən həm də kinoaktrisasıyam. Amma kinoda özümü heç vaxt tapıb, tədiqləyə bilməmişəm.

– Zümrüd xanım, sizin Yuğ teatrının binası hal-hazırda yoxdur. Bu sizin yaradıcılığınıza təsir edir?

– Bəli, doğru qeyd etdiniz, binasızlıqdan əziyyət çəkirik. Mən çox ümid edirəm ki, bizim öz binamız olacaq. Çünki Yuğ teatrının böyük kollektivi, kifayət qədər potensiallı aktyorları var.

Bina, məkan bir teatr üçün çox vacibdir. Teatrımız hal-hazırda müvəqqəti Kukla Teatrının binasında məskunlaşıb. Bizi bu teatra heç kim sıxmır, çox rahat və xoşbəxtik. Kukla Teatrının direktoru Rəşad Əhmədzadə bunun üçün bizə hər cür şərait yaradıb ki, Yuğ teatrının kollektivi özünü narahat hiss etməsin. Amma bütün bunlara baxmayaraq hər teatrın öz binası olmalıdır. Mən ümid edirəm ki, yeni Mədəniyyət Nazirimiz Anar Kərimov bina məsələsində bizə kömək olacaq.