Siyasi fəal: “Oğlumu küçədə saxlayıblar”

0
8

Fəallara qarşı təzyiqlər davam edir.

“Bir neçə gündür ki, polisdən zəng vuraraq təkidlə tələb edirlər ki, polis bölməsinə gəlim. Mən də rayondayam işim var, çıxa bilmirəm. Mənə zəng edən polislərin özlərinə də demişəm ki, Bakıda deyiləm. Bununla belə, martın 4-də xanımımı Binəqədi Rayon Polis İdarəsinin 6 saylı Polis Bölməsinə aparıblar”.

AnTV.az xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Nərimanlı bildirib.

Bütün bu davranışları ona təzyiq adlandıran Cəfər Nərimanlı deyib ki, polislər bununla kifayətlənməyiblər, oğlunu küçədə saxlayıblar. “Mənim yerimi uşaqdan soruşublar, bu da uşaqdır, qorxub. Qonşularımı narahat ediblər…”, Cəfər Nərimanlı əlavə edib.

Cəfər Nərimanlı vurğulayıb ki, martın 4-də polis bölməsinə çağrılan xanımından yerini xəbər alıblar: “Əlavə ediblər ki, təsir göstərin, mitinqə, piketə getməkdən yayındırın, bir böyüyü yoxdur deyələr, mitinqə piketə getməsin”.

Cəfər Nərimanlının bildirdiyinə görə, sonunda xanımı vasitəsilə ona xəbərdarlıq edilib ki, üç günə polis bölməsinə gəlməsə zorla gətirdiləcək: “Bütün bu baş verənlər AXCP-yə və AXCP üzvü kimi bizlərə təzyiqdir. Bunu başqa cür adlandırmaq mümkün də deyil. AXCP-nin təşkilatçısı olduğu hər hansı kütləvi aksiyadan öncə və ya sonra üzvlərə belə təzyiqlər olur, bu da həmin növbəti təzyiqlərdən biridir”- deyə, Cəfər Nərimanlı əlavə edib.

Bütün bu açıqlamalara, hələlik, Binəqədi Rayon Polis İdarəsinin 6 saylı Polis Bölməsi və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb. Amma DİN rəsmiləri belə şikayətlərlə bağlı, bir qayda olaraq, bildirirlər ki, Azərbaycanda insanların siyasi fəaliyyəti ilə bağlı onların özünə və yaxınlarına təzyiq edilmir.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin