Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı səfirini qəbul edib

0
15

 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradzeni qəbul edib.

QMİ-nin Mətbuat xidmətindən AnTV.az-a verilən məlumata görə, Azərbaycana yeni təyin olunmuş səfiri salamlayan Şeyxülislam A.Paşazadə ona fəaliyyətində uğurlar diləyib. QMİ sədri Azərbaycan və Gürcüstan arasında qədim tarixə malik dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük dəyər kəsb etdiyini bildirib. Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurabaşvilinin ünvanına təbrik məktubu yolladığını qeyd edən QMİ sədri yeni seçimin gürcü xalqı üçün xeyirlərə vəsilə olmasını diləyib.

Şeyxülislam A. Paşazadə xalqlarımız arasında dini-mənəvi əlaqələrin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, bu münasibətlərin nümunəvi səviyyədə mövcudluğunda Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin səmərəli əməkdaşlığının rolunu qeyd edib. Qafqazın ağsaqqal dini liderlərindən olan Ümumgürcüstan Katalikos-Patriarxı II İliya həzrətlərinin müdrik mövqeyi və tövsiyələrinə böyük dəyər verdiyini bildirən Şeyxülislam A.Paşazadə ona uzun ömur, can sağlığı arzulayıb.

40 illik fəaliyyətində hər zaman II İliya həzrətlərindən Azərbaycan xalqına və dövlətinə, Şeyxülislam olaraq şəxsinə dərin ehtiram gördüyünü xüsusi vurğulayan A.Paşazadə Qafqaz bölgəsində sülh və əmin-amanlıq, dostluq və qarşılıqlı hörmət mühitinin hökm sürməsi naminə, ölkələr arasında mənəvi körpülərin daha da möhkəmlənməsi yolunda bundan sonra da Patriarxla birgə səylərini əsirgəməyəcəklərini bildirib.

Səmimi qəbula görə QMİ sədrinə minnətdarlığını bildirən səfir Z.Pataradze Azərbaycan və Gürcüstanı yaxın qonşu, strateji dost ölkələr kimi dəyərləndirib. Qafqazda, o cümlədən, Gürcüstanda Şeyxülislam Allahşükür Paşazadənin böyük ehtiram bəslənilən şəxsiyyət olduğunu bildirən səfir, ölkələr arasında münasibətlərin yüksək səviyyəsi üçün gördüyü işlərə və Patriarx II İliya həzrətləri ilə qardaşlıq münasibətlərinə görə QMİ sədrinə böyük dəyər verdiklərini qeyd edib, dinlərarası dialoqun mövcud yüksək səviyyəsinin daha da möhkəmlənməsi, yeni mərhələyə qalxması üçün səfir olaraq da hər zaman yardımçı olacağını bildirib. Dost, qardaş ölkədə fəaliyyət göstərmək imkanından məmnun olduğunu bildirən səfir ölkələrimiz arasında həyatın bütün sahələrində əlaqələrin artan xətlə inkişaf etməsinin qürur doğurduğunu bildirib.

Dialoq zamanı Gürcüstanda yaşayan soydaşlarımız, Azərbaycan ərazisindəki gürcü dini-tarixi abidələri və qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin