Gündəm

Şeyx Almaniyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Almaniyaya səfərə yola düşür. Virtualaz.org xəbər verir ki, səfərdə məqsəd noyabrın 19-da Berlin şəhərində keçirəcək “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. Berlin Beynəlxalq Konfransı dinlər və sivilizasiyalararası dialoqun davam etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsinə dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir. Berlin Konfransında Almaniya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, ümumilikdə dünyanın 40-a yaxın ölkəsindən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri daxildir. Xatırladaq ki, noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşmüşdü. Bir sıra millət vəkillərinin, o cümlədən, BDU-nun rektoru, akademik Abel Məhərrəmovun da yer aldığı səfərdə sonuncu bərk içərək Azərbaycan nümayəndə heyətinin üzvləri, yaxud konfransı təşkil edən Əli Evsenlə dava salıb. Səfərdən sonra rektor Abel Məhərrəmov vəzifəsindən azad olunub. AnTV.az