Saxlanılan qadınlardan bəziləri sərbəst buraxılıb

0
20

“Bizi ac-susuz, soyuq yerdə saxladılar. Ailələrimizi məlumatlandırmağa icazə vermədilər, telefonumuzu əlimizdən aldılar. Polis bizi rəsmən 7 saat oğurladı”.

AnTV.az-ın xəbərinə görə, bu haqda ictimai fəal Dilarə Miriyeva belə deyib. D.Miriyeva yanvarın 3-də keçirilən aksiya zamanı saxlanılanlardandır.

O bildirib ki, yanvarın 3-də bloger Mehman Hüseynovun azad edilməsi tələbi ilə aksiya keçirən ictimai fəallardan bir qismi sərbəst buraxılıb. Onlardan Sevinc Vaqifqızı, Sevil Muradova, Maisə Əsədullaqızı, Yeganə Əliyeva, Gülnarə Akifqızı (Rəhimova), Təranə Tağıyeva sərbəst buraxılıblar.

D. Miriyeva bildirib ki, saxlanılanlardan 5 nəfər kişini və 3 nəfər qadını məhkəməyə aparıblar. Görünür, inzibati cəza kəsəcəklər: “Hamı bizim haqlı olduğumuzu bilir. Sadəcə polislərlə xalqı qarşı-qarşıya qoymaq istəyirlər. Əslində, elə polislər də bizim haqlı olduğumuzu bilirdilər. Odur ki, bizə içəridə heç də pis davranmadılar. Hətta ac olduğumuzu dedik, bizə şirniyyat, su aldılar. Hər birimizlə tək-tək görüşdülər. “Sizi kim maliyyələşdirir, niyə çıxmısınız aksiyaya” -, kimi suallar verirdilər. Onlarda məlumat vardı ki, guya bizə aksiyaya çıxmaq üçün 15 manat ödəyiblər. Cibimizə baxdılar. Hərədə 30-50 qəpik vardı”.

Dilarə Miriyeva qeyd edib ki, həbs edilən zaman bəzi fəallara qarşı zor tətbiq edilib: “Maşına mindirəndə Səxavət Nəbiyevi çox pis döydülər. Bir də Fatimə Mövlamlıya sillə ilə vurdular, təhqir etdilər. Bir nəfər kişinin qolunu pis burmuşdular, ağrıyırdı. Jurnalist Pərvin Abışova yıxılmışdı, başı betona dəymişdi. Təcili yardım gəldi, beyin silkələnməsi dioqnozu qoydular”.

Digər saxlanılanlar Fatimə Mövlamlı, Mətanət Mahmırzayeva, Pərvin Abışova, Əfqan Sadıqov, Fərid Abdinov, Elimxan Ağayev, Səxavət Nəbiyev, Nurlan Qəhrəmanlı isə Nizami Rayon Məhkəməsinə aparılıblar.
Qeyd edək ki, həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Xatırladaq ki, faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Gülnaz Qənbərli
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin