Rəsul Quliyev SSRİ-nin bərpası ilə bağlı iddialara münasibət bildirdi

“RF-da Misir (Mubarək və indiki prezident), Suriya (ata-bala Əsədlər), İran (Xomeneyi) tipli diktatura rejimi yaradıldı. Yəni sonuncu konstitusiya “reforması” Qorbaçov və Yelçinin yaratmaq istədikləri demokratiyanın üzərindən yağlı qırmızı xətt çəkdi. Putin özünün ömürlük prezidentliyini elan etdi. Çoxdan əhəmiyyətini itirmiş seçkilərdən Rusiyada artıq danışmağa dəyməz. Tarixi faktlar Putinin 2024-cü ilə qədər hakimiyyətdə qala bilməsinə şübhə yaradır”.

 

AnTV.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

 

R.Quliyev qeyd edib ki, Putin ətrafındakı qonşuları, xüsusilə Belarus, Qazaxstan, Azərbaycan və qismən Ukrayna üçün çox təhlükəli adamdır: “Hər zaman səbəb tapıb işğal etməyə cəhd edə bilər. Bu adamın indiyə qədər müstəqil respublikalara Lenin tərəfindən müstəqillik verilməsini-çar hakimiyyəti yıxılandan sonra Rus imperiyasında hansı səviyyədə azadlıq hərəkatının qalxdığından xəbəri yoxdur. O, Leninin bu azadlıqları 1-ci dünya müharibəsinin zoruilə və azadlıq hərəkətlərinin gücünün hesabına verdiyini dərk edə bilmir. Bu adam o dövrdə xalqları yenidən əsarət altına salmağın Krım, Osetiya və Abxaziya kimi asan olduğunu düşünür. Putin çıxışlarının birində Ukrayna adlı ölkənin olmamasını (baxmayaraq Rusiya Ukraynadan 700 il sonra yaranıb. Ukrayna şərqi Roma imperiyası ilə əməkdaşlıq edəndə Rusiyada insan yaşamırdı), Qazaxstanı isə Sovet İttifaqının yaratdığını iddia edirdi. Çox maraqlıdır Qazaxıstan mövcud olanda, ümumiyyətlə, Moskva adlı şəhər yox idi. Rusiyanın indiki Avropa qitəsində olan ərazisində heç 10 min adam yaşamırdı. Heç utanıb qızarmadan Qazaxstanın sovetlərin yaratdığını iddia edir. Bu günlərdə növbəti çıxışında “İmperiyadan çıxıb gedirsiniz gedin, ancaq sovetlərin sizə bağışladığı torpaqları özünə qaytarın” dedi. Bu çox təhlükəli bəyanatdır. Deməli, bu insan beyninə Estoniyanın, Moldovanın, Belarusiyanın, Qazaxstanın, Ukraynanın ən azı 30 faiz torpaqlarının geri qaytarılmasını istəyir. Azərbaycana gəldikdə, Ermənistan və Gürcüstanla birlikdə 100 faiz torpaqların Rusiyanın tərkibində olmasını normal hal hesab edir. Azərbaycanın özünü müxalifət adlandıran yazıqların “Rusiyadan heç bir təhlükə yoxdur, hakimiyyət özünü möhkəmləndirmək üçün Rusiya faktorundan istifadə edir” kimi cəfəng yazılar yazması nadanlıq nümunəsidir. Ukrayna, Moldova, Baltik ölkələrinin, Gürcüstanın arxasında ABŞ və Avropa dayanıb. Bizim arxamızda Türkiyədən başqa duran yoxdur. Türkiyə ilə hərtərəfli yaxınlaşmaq və müqavilələr bağlamaq lazımdır”.