Siyasət

Rəsul Quliyev: “Azərbaycanın xarici siyasəti fevrala qədər çox gərgin işləməlidir”

“Dünada gedən siyasi proseslər yaxın 2 ayda fundamental dəyişəcək. Baydenlə Trampın ölkə daxili siyasətləri çox böyük dəyişikliyə məruz qalmayacaq, sadəcə olaraq, Senat və amerikalılar buna imkan verməz. Ancaq xarici siyasət köklü sürətdə dəyişəcək”.

AnTV.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Trampdan fərqli olaraq Bayden Avropa və ümumiyyətlə, bütün dünyada super “derjava”lığını bərpa edəcək: “Baydenin Rusiyaya qarşı sanksiyaları maliyyə sahəsində Rusiyanın ekonomikasında dağıdıcı rol oynayacaq. Bayden Ukraynanı çox ciddi şəkildə dəstəkləyəcək, onlara silah satılmasına icazə verəcək. O, Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsinə də meyillidir. Avropa ölkələrindən Türkiyəyə düşmənçilik siyasəti aparan bəzi ölkələrin bu sanksiyaların qoyulmasını sürətləndirmək taktikası aparacaqlar. O, illərlə ermənilərə lobbiçilik  edən senator Baydenin 2021-ci ilin yanvarından sonra hansı pozisiyanı tutacağı məlum deyil. Azərbaycan  və Türkiyə üçün fevrala qədər aparacaqları siyasət konstuktiv olmalıdır. İlk növbədə Türkiyənin İsrail ilə yaxınlaşması çox böyük pozitiv əhəmiyyət kəsb edir. Bayden İsrailə çox da yaxın siyasətçi deyil, ancaq İsrailin əleyhinə də də siyasət apara bilməz. Azərbaycanın İsraillə dost olması bizim üçün çox pozitiv məqamdır. Bu dostluğu dahada dərinləşdirmək lazımdır. Türkiyə kiçik bir qaz yatağına görə Avropa İttifaqı ilə əlaqələrini korlamamalıdır. Bir sözlə, Azərbaycanın xarici siyasəti fevrala qədər çox gərgin işləməlidir”.

AnTv.az