Ramin Hacılının həbs müddəti uzadılıb

0
46

Noyabrın 27-də Nərimanov Rayon Məhkəməsində Hakim Samir Məmmədovun sədrliyi ilə dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən “Azərbaycan-Avropa Hərəkatı”nın rəhbəri Ramin Hacılının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxıb.

AnTV.az-ın xəbərinə görə, prosesdə təqdimat təmin edilib və Ramin Hacılının həbs müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, 2018-cil il iyulun 30-da Ramin Hacılının həbs müddəti 2 ay 15 gün uzadılıb.

İstintaq Ramin Hacılıya əlavə ittihamlar elan edib. Ona qarşı AR Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Ramin Hacılı 2018-ci il iyunun 4-də saxlanılıb. Onun Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığında saxlanıldığı bildirilir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

Bildirilib ki, Ramil Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

2017-ci ilin oktyabrında Ramin Hacılı 2 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb. O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi.

Gülnaz Qənbərli

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin