Qubad İbadoğlu: “Emin Əmrullayevin Təhsil naziri vəzifəsinə təyinatı gözlənilməz oldu”

“Yeni Təhsil naziri Emin Əmrullayevi 23 yaşı olandan tanıyıram, 2005-ci ildə Budapeştdə Mərkəzi Avropa Universitetində çalışanda orda magistr təhsili alırdı. Sonra da xaricdə təhsil üzrə dövlət proqramı üzrə ABŞ-ın məşhur Kolumbiya Universitetində ikinci dəfə master proqramını oxuyub. Sevindirici haldır ki, bu prorqamın məzunlarından biri olaraq yüksək dövlət vəzifəsinə irəli çəkildi. Məyusluq doğuran odur ki, 2015-ci ildən həmin proqram dayandrılıb”.

AnTV.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu Emin Əmrullayevin Təhsil naziri vəzifəsinə təyinatı ilə bağlı fikirlərini bölüşüb: “Birincisi, o indiyədək təhsil sahəsinə rəhbərlik edən ən gənc nazir olmaqla yanaşı, həm də digər nazirlər arasından ən gəncidir. Ona belə yüksək etimadın göstərilməsi mənim üçün də gözləniməz oldu. İkincisi, onun Təhsil Nazirliyində iş təcrübəsi az olsa da Xarici İşlər Naziri təyinatından olduğu kimi kənardan gətirilmiş kadr deyil. Bildiyim qədər o Təhsil Nazirliyində innovasiyaların tərəfdarı olan texnokrat fəaliyyəti ilə seçilirdi.
Üçüncüsü, Emin Əmrullayevin ABŞ təhsilli olması, Sorosun Universitetini bitirməsi açıq cəmiyyət üzərində qurulan və akademik azadlıqlara geniş yer verən Qərb təhsilinin Azərbaycanda tətbiiqnin genişlənməsinə gətirib çıxara bilər. Bir tərəfdən hazırkı siyasi rejim və mövcud ali idarəetmə sistemi, digər tərəfdən də müasir təhsil sahəsində islahat potensialının yüksək olması və onun dinamikliyinin getdickə artması Emin Əmrullayevin işini birmənalı çətinləşdirəcək. Birinci qrup şərtlər çərçivəsində onun əhəmiyyətli dəyişikliklər aparması, məsələn, müəllimləri seçki saxtakarlığının təşkilindən kənarlaşdırması asan olmayacaq. Onun uğuru isə nə qədər müstəqil və prinsipial olması ilə yanaşı, bu sahədə həlli vacib olan vəzifələrin öhdəsindən kimlərlə, yəni hansı komanda ilə gəlməsindən, təqdim edilmiş təkliflərə nə qədərə açıq olmasından asılı olacaq”.