Qənirə Paşayevanın Üsküdarda Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifi müsbət dəyərləndirilib

0
11

 

Millət vəkili Qənirə Paşayevanın İstanbulun mərkəzi bölgələrindən Üsküdarda böyük şairimiz Əhməd Cavadın adının əbədilləşdirilməsi ilə bağlı təklifini bələdiyyə başçısı müsbət dəyərləndirib və yaxın zamanlarda reallaşdırılacağını deyib.

AnTv.az-ın xəbərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümü və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümü ilə bağlı konfransda iştirak etmək üçün İstanbulda səfərdə olan millət vəkili Qənirə Paşayeva İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmen ilə görüşüb.

Millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda İstanbulda Azərbaycanla bağlı küçə, abidələrin daha da artacağına, Azərbaycanla bərabər Türkiyə üçün də böyük xidmətlər göstərmiş böyük ziyalıların xatirəsinə abidə və lövhələrin qoyulacağına inandığını deyib və Üsküdar bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanın böyük şairi, “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” şeirinin müəllifi və Azərbaycanın Milli Marşının söz yazarı, Türkiyə üçün də böyük fədakarlıq, xidmətlər göstərmiş Əhməd Cavadın adının əbədiləşdirilməsi təklifi ilə çıxış edən millət vəkili onun irsinin gənc nəsillərə daha yaxından tanıdılması məqsədilə İstanbulda Əhməd Cavadın adına Mərkəzin açılmasını təklif edib.

İstanbul Üsküdar bələdiyyə başqanı Hilmi Türkmen millət vəkilinin təklifini dəstəklədiyini deyib və yaxın zamanlarda Üsküdarın önəmli mərkəzlərindən və ya qurumlarından birinə Əhməd Cavadın adının veriləcəyini deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən, daşnak erməni dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətində dəstəyə gəlməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından, onların arasında İstanbuldan da olan dədələrimizdən danışan millət vəkili Q.Paşayeva onların adları qeyd edilən xatirə lövhələrinin Qarabağ parkında və Şəhidlər Abidəsində qoyulmasının gənc nəsillərimizə onların daha geniş tanıdılmasının vacibliyindən danışıb.

Üsküdar bələdiyyə başçısı Hilmi Türkmen Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Millət vəkili Q.Paşayeva bu yaxınlarda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyədə STAR neft emalı zavodunun açılışından danışaraq Azərbaycanın xaricdə ən böyük sərmayəsini məhz qardaş Türkiyəyə qoyulmasının iki qardaş ölkə arasında qardaşlığın əsl örnəyidir deyib. STAR meqalayihənin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına xüsusi toxunan millət vəkili bunun dosta da, düşmənə də mesaj olduğunu dedi. Azərbaycanı çox sevdiyini deyən Üsküdar bələdiyyə başçısı Hilmi Türkmen ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Üsküdar bələdiyyə başçısı Hilmi Türkmenə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Üsküdar bələdiyyə başçısı Hilmi Türkmen dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.Millət vəkili Q.Paşayeva bir sıra təşkilat rəhbərləri, gənclər, qadın təşkilatları rəhbərləri və gənc fəallar ilə görüşüb, Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Onlara Azərbaycanla bağlı geniş məlumat verən millət vəkili onları ölkəmizə dəvət edib.

Gülnaz Qənbərli

AnTv

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin