Qənirə Paşayeva Tovuzun cəbhə kəndlərinə bayram sovqatı təqdim edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhə kəndləri başda olmaqla bir çox kəndlərdə şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarını, fiziki imkanları məhdud şəxsləri və maddi imkanları çox aşağı olan ailələri Qurban bayramı münasibətilə təbrik edib, onlara bayram sovqatı təqdim edib.

AnTV.az xəbər verir ki, Prezident İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlara, fiziki imkanları məhdud insanlarımıza, maddi vəziyyəti çox aşağı olan ailələrə qarşı diqqət və qayğısını hər birimizə böyük örnək hesab edən Qənirə Paşayeva Qurban bayramında onlara Allahdan bütün arzularına çatmalarını diləyib.

Prezidentin şəhid ailələrinin, Qarabağ müharibəsi əlil və qazilərinin mənzil-məişət şəraitinin, sosial vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərin, həyata keçirilən önəmli işlərin dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayan millət vəkili hər zaman şəhid ailələrinin, Qarabağ müharibəsi veteran və əlillərimizin yanında olduğunu diqqətə çatdırıb.

O, sakinlərin qayğıları ilə də maraqlanıb. Millət vəkili bayram günlərində onlayn qaydada görüntülü şəkildə onlarla seçicisini təbrik etməklə yanaşı, onların qaldırdıqları məsələləri diqqətdə saxlayacağını və həlli istiqamətində çalışacağını deyib. Sakinlərin qaldırdığı bəzi məsələlər isə qısa zamanda öz həllini tapıb.