Prezidentin çıxışını partiya sədri dəyərləndirdi: “…alqışa layiqdir”

0
847

Azərbaycan Respublikasinın prezidenti İlham Əliyev Novruz bayramı ilə əlaqədar xalqa müraciət edib. 

AnTV.az xəbər verir ki, prezidentin bu çıxışını Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu sosial şəbəkə hesabında şərh edib.

Ağasif Şakiroğlu

O, ilk növbədə prezidentin iqtidar-müxalifət dialoqu barəsində danışdığı fikirlərdən bəhs edib:

“Az öncə Prezident Əliyevin Novruz bayramı ilə bağlı xalqa ünvanladığı müraciətlə tanış oldum. Məlum müraciəti son illərin səmimi və reallığı tam əhatə edən müraciəti kimi qiymətləndirirəm.

Belə bir həssas zamanda hesab edirəm ki, sözün həqiqi mənasında iqtidar-müxalifət münasibətləri dialoq müstəvisində olmalı, ölkəmizin, vətənimizin problemləri birgə həll olunmalıdır. Bu istiqamətdə iqtidar rəsmilərinin ortaya qoyduğu mövqe, təşəbbüslə çıxış etmələri alqışa layiqdir.”

Daha sonra müxalif partiya sədri bu dialoqdan qaçmağa çalışanlara səslənərək onları da həmrəy olmağa çağırıb:

“Hazırda dünyada tüğyan edən Koronavirus, həmçinin neftin qiymətinin kəskin formada ucuzlaşması, dəyər itirməsi ölkəmizdə müəyyən iqtisadi, sosial problemlər yaradacaq ki, bu problemlərdən də məhz bu gün başladılmış müxalifət-iqtidar birliyi ilə fəsadsız çıxış mümkündür. Bu səbəbdən də dialoqa gəlməmiş, hər fürsətdə “müxalifətçilik” imitasiyası aparan şəxsləri ölkəmizin gələcəyi naminə dürüstlük nümayiş etdirməyə, səmimi olmağa çağırıram! Öz şəxsi eqolarına xalqı qurban verməyə öyrəşmiş müəyyən həmkarlarım xalqın gələcəyi barəsində də düşünsələr yaxşı olar!”

Sonda partiya sədri iqtidar-müxalifət dialoqunun yeni mərhələyə qədəm qoyduğunu və həbsdə olan siyasi məhbusların təcili azad olunması haqqında zəruri addımlar atılmasının vacibliyini vurğulayıb:

“Hesab edirəm ki, ölkəmizdə yaranmaqda olan iqtidar-müxalifət dioloqunun yeni və daha böyük mərhələyə keçməsi, ölkədə formalaşmaqda olan yeni mühitinin şaxələnməsi, genişlənməsi və uğur əldə etməsi üçün də, iqtidar öz üzərinə düşən misiyanı tamamlamalı və hazırda həbsdə olan müxalif fəalların azadlığa qovuşması naminə zəruri siyasi qərarı verməli, əqidədaşlarımızın bizlərə, ailələrinə qovuşmaları naminə gərəkən addımları atmalıdır. Hesab edirəm ki, məhz bu tip addım iqtidar-müxalifət arasında başlanmış yeni mərhələnin əməli məhsulu ola bilər…”

 

Nurlan Cəfəri

AnTV.az

 

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin