Gündəm

Paşinyan israr edir, Prezident isə ordu ilə qarşıdurmanı arzulamır - ŞƏRH

“Ermənistandakı proseslər hazırda çox fəal olanlardan fərqli bir siyasi fiqurun ortaya çıxması və güc sahibi olmasıyla da nəticələnə bilər”

“Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın imzaladığı Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytardı”. 

AnTV.az xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. 

Analitik bildirib ki, Paşinyan isə fikrində qəti olduğunu və növbəti dəfə qərarını prezidentə göndərəcəyini elan edib:

“Hər ikisinin addımı gözlənilən idi. Çünki mövcud durumda prezidentin əks qərarı ordu ilə siyasi hakimiyyətin açıq silahlı qarşıdurmasına səbəb ola bilərdi. Aydındır ki, prezident Sarkisyan bunu arzulamır. Sarkisyan mümkün qədər cəmiyyətdəki nüfuzu hələ də digərlərindən daha çox olan Paşinyan ilə də, hərbi elita ilə də körpüləri qorumağa çalışır. Bunu sadəcə öz gələcəyi üçün deyil, Ermənistandakı qeyri-sabitliyin dərinləşməməsi üçün də edir”.

Siyasi şərhçi vurğulayıb ki, Sarkisyanın Baş Qərargaha gedərək generallarla görüşməsinin səbəblərindən biri də bu olub. Qərarına Baş qərargahda gördüyü abu-havanın və xarici bəzi güclərin mövqeyinin təsir etdiyini güman etmək olar. Amma gərginlik davam edir. Tərəflər mövqelərində israrlıdırlar və Rusiya açıq şəkildə müdaxilə etmədiyi müddətcə buradan geri dönüş ehtimalı çox zəifdir. Bu prosesdən tərəflərdən birinin ağır məğlubiyyətlə ayrılması ehtimalı yüksəkdir. Hətta barışıq görüntüsü yaradılsa belə arxa planda fərqli proseslərin gedəcəyini rahatlıqla gözləmək olar. Ermənistandakı proseslər orta mərhələdə hazırda çox fəal olanlardan fərqli bir siyasi fiqurun ortaya çıxması və güc sahibi olmasıyla da nəticələnə bilər”.(şərq.az)