Paşinyan gözdən pərdə asmaq üçün guya istefa verib – ERMƏNİ POLİTOLOQ

0
25

Ermənistanda növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır. Nikol Paşinyan baş nazir postundan istefa verdikdən sonra parlamentin rəyi olmadan bu vəzifəni icra etməsi Ermənistanı bir sıra problemlərlə üz-üzə qoya bilər.

AnTv.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Avropa qurumları dekabrda gözlənilən parlament seçkilərinin nəticələrini qeyri-legitim saya bilər. Çünki, Paşinyana müxalif olan qüvvələr artıq narazılıqlarını ifadə etməyə başlayıblar.

Erməni politoloqların fikrincə, Paşinyan gözdən pərdə asmaq üçün guya istefa verib, amma hakimiyyəti əlində saxlayır. Bununla isə seçki nəticələrini özü bildiyi kimi saxtalaşdırmağa nail olacaq. Elə İrəvan meri seçkiləri də göstərdi ki, Nikol Paşinyan Ermənistanın siyasi səhnəsində öz partiyasından başqa qüvvə görmək istəmir. Sadəcə diasporu nəzərə alıb, daşnakları 10-15 faiz səslə içəri buraxa bilər. Respublika Partiyası isə parlamentdə təmsil olunmaq üçün 4 faizlik baryeri keçə bilməyəcək. Buna görə də siyasi təşkilatın əksər üzvləri seçkilərə getməyi lazımsız sayır.

Bundan başqa, Nikol Paşinyanın Sünik vilayətinə Unan Poqasyanı qubernator təyin etməsi də birmənalı qarşılanmayıb. Ötən həftə sakinlərin Ermənistan-İran magistralını bağlayaraq aksiya keçirməsi isə nəticəsiz qalıb. Paşinyan aksiya iştirakçılarının tələbi ilə təyinatı dəyişmək əvəzinə Sünikə gələrək Poqosyanı şəxsən özü təqdim edib. Onun bu addımı mətbuatda ciddi müzakirələrə yol açıb.

Ermənistan mətbuatı yazır ki, qubernator postuna qaranlıq keçmişə sahib birinin təyinatı anlaşılmazdır. Bu şəxs, Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyanın müavini olduğu vaxt dinc aksiya iştirakçılarına divan tutması ilə ad çıxarıb. O, etirazlar zamanı saxlanılan şəxslərə güc tətbiq etməkdən çəkinməyib. Buna dair mətbuatda yüzlərlə fakt var. Elə Nikol Paşinyan da deputat olduğu vaxtlarda parlamentdə onun qanunsuz əməlləri dəfələrlə müzakirəyə çıxarılıb. İndi isə belə bir şəxsi qubernator təyin edir. Hətta Sünik sakinlərinin etirazlarına da məhəl qoyulmayıb. Ermənistan polis rəisinin müavini Valeri Osipyan da Paşinyanın seçimini dəstəkləyərək, Unan Poqasyanla bağlı təyinatda qeyri-qanuni heç nə olmadığını bildirib.

Məqalələrdə “məxməri inqilab” zamanı Paşinyanın vədlərinə də diqqət çəkilir. Qeyd olunur ki, özünü xalqdan biri kimi qələmə verən bu şəxs Ermənistan sakinlərini əvvəlki quldur dəstəsindən xilas edəcək. Baş nazir seçildikdən sonra isə hər kəs bunun əksini gördü. Paşinyanın əksər təyinatları köhnə komandanın üzvləridir. Bu da cəmiyyətdə çaşqınlıq yaradıb.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin