Partiya sədri: “Kimsə sənin ağzını qapatmır ki?”

0
7

“Hökumətin müxalifət nümayəndələri ilə görüş təşəbbüsü  müsbət qiymətləndirirəm. Azərbaycan tarixində bu bir ilkdir”.

AnTV.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Azərbaycan Respublikası Prezident Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyevin müxalifət liderləri ilə görüşünə münasibət bildirərkən deyib.

A.Şakiroğlu qeyd edib ki, demokratik Azərbaycan qurulması üçün bu tip görüşlərin sayı çox olmalıdır: “Düşünürəm, bir qədər yubanıblar. Müxalifət olaraq belə dialoqların keçirilməsində maraqlıyıq, buna hazırıq. Bir daha qeyd edirəm, bunun gecikməsindən təəssüf edirik. Yəni illər öncə bu görüşlər keçirilə bilərdi. Görünür ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərliyində təmsil olunan şəxslər belə görüşlərin keçirilməsində maraqlı olmayıblar. Bir növ düşmənçilik münasibəti sərgilənib. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında “İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb” dedi. Bu da onu göstərir ki, əvvəllər Prezident Administrasiyasının rəhbərliyindəki şəxslər dialoqun əleyhinə olublar. Hansı məqsədlə belə etdiklərini deyə bilmərəm. Amma Prezident Administrasiyasının hazırki rəhbərliyi iqtidar-müxlifət münasibətlərinin sivil formada olmasına çalışır. Ən azından biz belə görürük. Administrasiyasının şöbə müdiri ilə görüşümüzdə bir sıra məsələləri qaldırdım, normal qarşıladı. O bildirdi ki, bu məsələlər həll ediləcək. Təbii ki, birdən-birə böyük dəyişiklikləri gözləmək də sadəlövhlük olardı. Biz bu məsələdə danışıqlardan çəkinməməliyik”.

Partiya sədri vurğulayıb ki, Azərbaycanı iqtidarla müxalifət birgə dəyişə bilər: “Bu, Azərbaycanın inkişafı deməkdir. İndiyə qədər nə deyirdik? Deyirdik ki, iqtidar dialoqdan qaçır… İqtidar indi dialoq təşəbbüsü ilə çıxış edir. Bu prosesdən milli maraqlar naminə istifadə etmək lazımdır. Dialoqun nəyi pisdir ki? Mətbuatda səsləndirdiyimiz fikirləri Ədalət Vəliyevlə görüşdə səsləndirmişik. Belə görüşlərə qatılmayanlar məsələyə başqa rəng qatmaq istəyirlər, prosesi gözdən salmağa cəhd edirlər. Onlar ölkədə sivil iqtidar-müxalifət münasibətlərini arzulamayan qüvvələrdir. Öz qərarlarıdır, özləri bilərlər. Görüşə getməyən siyasətçilərdən biri deyir ki, biz bir neçə vacib məsələ irəli sürürük, onların ətrafında müzakirə edə bilərik. Bura siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığı, Seçki Məcəlləsinə dəyişikliklər və s. məsələlər daxildir. Görüşə gedin, bu məsələləri üzbəüz deyin… Kimsə sənin ağzını qapatmır ki? Bu, cığallıqdır. Azərbaycanı dəyişmək istəyən siyasi partiya bütün vasitələrdən istifadə etməlidir. Belə görüşlər Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. İnanırıq ki, tədricən siyasi məhbus, sərbəst toplaşmaq və s. məsələlərlə bağlı problemlər həllini tapacaq. Dirənişdən başqa yol dialoqdur. Bundan istifadə etmək lazımdır. Hökumətlə dialoqda mətbuatın da iştirakı təmin edilməlidir. Media nümayəndələri də görməlidir ki, iqtidardan nəyi tələb edirik”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin