Siyasət

Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin Kimya Xidmətinin və Mühəndis Qoşunları İdarəsinin tabeliyindəki hərbi hissələrə plan üzrə baxışlar keçiriblər. AnTv.az-ın xəbərinə görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub. Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib. Ombudsman Aparatının əməkdaşları tərəfindən şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr, həmçinin 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının qəbul edilməsi və Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirməsi yönündə Ulu öndər Heydər Əliyevin gördüyü işlərlə bağlı söhbətlər aparılıb, çoxsaylı suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib. Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb. Gülnaz Qənbərli            AnTv.az