Xəbərlər

Nisa Qasımova: “Heç vaxt şikayətçi olmayın”

Xalq artisti Nisə Qasımova müsahibə verib.

 

Müsahibəni təqdim edirik:

 

- Nisə xanım, işğaldan azad edilən hansı şəhərimizdə, rayonumuzda konsert vermək istəyərsiniz?

 

- Azad edilən bütün şəhərlərimizdə böyük məmuniyyətlə konsert verərəm. Torpaqlarımızda "Azərbaycan" mahnısını oxumaq istəyərəm.

 

- Siz aparıcı kimi də fəaliyyət göstərmisiniz. Yeni layihə ilə efirə qayıtmağı düşünürsünüzmü?

 

- Yaxın günlərdə xəstənləndim, sağaldım. O müddətdə televiziyalardan dəvətlər aldım. Amma ümumi vəziyyəti nəzərə alaraq televiziyalara çıxmıram. Sizə bir məsələni danışım, məni verilişlərin birinə dəvət etdilər, menecerim prodüserə dedi ki, Nisə xanım efirə tək çıxmaq, mahnılarını təqdim etmək istəyir, ona ayrılan bir saat azdır. O da cavab verdi ki, Nisə xanım tək iştirak edərsə reytinq yığmayacaq.

 

Həmin gündən özümə söz verdim ki, televiziyaya çıxmayacam. Həmin insanlar mənə təkrar müraciət etsələr, telefonu söndürəcəm və cavab verməyəcəm. Mən yaşda və statusda olan insanlara qarşı həyasızlıq etmək olmaz. Ümumiyyətlə, müğənnilərlə bu cür davranmaq düzgün deyil. Ay prodüser, əgər reytinq qazanmaq istəyirsənsə, çıx meymunluq elə, bu da sənə reytinq gətirsin. Mən artıq reytinqlərdən qaçıram.

 

Aparıcı kimi yeni layihə ilə efir məkanına qayıtmaq planım var. Amma bu haqda öncədən danışmaq istəmirəm. Bu, yay aylarına yaxın baş tuta bilər. Veriliş insanlara, insanlığa dəyər vermək missiyasını daşıyacaq.

 

- Ümumiyyətlə, televiziyalarımızı necə dəyərləndirirsiniz?

 

- Öncə demək istəyirəm ki, televiziyalarımız reytinq xatirinə nə gəldi verilişlər hazırlamasınlar.

Deyirlər, Avropada da belə edirlər... Axı, biz Avropada yox, Azərbaycanda yaşayırıq. Bizim öz mənəviyyatımız, öz mədəniyyətimiz var.

 

Təbii ki, ölkə efirində bəyəndiyim verilişlər də az deyil. Azərbaycan dövlət televiziyasının formatı çox xoşuma gəlir. Orada bir sıra müsbət dəyişiklər baş verib. Başqa telekanallarımızda da yaxşı verilişlər var. Bəzi aparıcılar reytinqə görə dəvət edilən qonaqları qıcıqlandırırlar ki, onlar artıq-əskik danışsınlar. Efir məkanında bu kimi halları bəyənmirəm.

 

Reytinqə görə televiziyalarda həyasız görsənmək olmaz. Bəzi verilişlərə baxıb əsəbləşirəm. Televiziya kanallarına ailə söhbətlərini daşımaq xoşuma gəlmir.

 

- Səhnəmizin gözəl xanımları sırasındasınız. Sənətdə nə kimi çətinliklər yaşamısınız?

 

- Mənim üçün zahiri gözəllik əsas meyar deyil. Sadəcə qadın səhnəyə çıxanda səliqəli görsənməlidir, abartılı şəkildə makiyaj etmək, paltar geyinmək düz deyil. "Birinci filan markanın geyimini mən geyindim" kimi tərzi sevmirəm. Bu meyarlarla yaşamıram.

 

- Nisə xanım xoşbəxtdir?

 

- Əlbəttə, xoşbəxtəm. Mənə elə gəlir ki, Allah yer üzündə ən gözəl canlı olaraq insanı yaradıb. İnsan öz gözəlliyi və varlığı ilə xoşbəxtdir. Qaldı ki, hansı baxımdan xoşbəxt və yaxud bədbəxtlik... Naxələf sənət dostlarımızdan bir-ikisi mənim hansısa vəziyyətimi bədbəxtçilik hesab edir. Düşünürəm ki, onlar insanın əsl xoşbəxtliyini görə bilmirlər.

 

Mən nəyə görə xoşbəxtəm? Ailə qurmasam da gözəl və məni çox sevən övladlarım var. Xoşbəxtəm ki, sağlam düşünən ailəm var. Bəzən həyatın gərdişindən şikayətlənirəm, amma o demək deyil ki, mən bədbəxtəm. Bəli, mənim dəfələrlə ağladığım günlər, saatlar olub. Hətta şikayət də etmişəm... Bəzən maliyyə vəziyyətim istədiyim həddə olmayıb.

 

Hər şeyə sağlam və hərtərəfli baxanda düşünürsən ki, səndən də maddi vəziyyəti aşağı olan insanlar var. Belə müqayisələrlə yaşayanda insan naşükürlükdən uzaqlaşır. Hərdən elə vəziyyətlə qarşılaşıram, fikirləşirəm ki, bu, niyə belə olmalıdır?! Amma özümə də, uşaqlara da təsəlli verirəm ki, heç vaxt şikayətçi olmayın. Deməli, Allah sənin ruzini belə yazıb, səbrli olmalısan.

 

Çətinliklə üzləşəndə dostlar da özünü tanıdır. Sənə bu gün dost olan sabah düşmənçilik edir. Deyirsən, dostumu tanınmamışam. Bu kimi hallar da var...

 

- Nisə xanım, müsahibələrinizin birində qeyd etmisiniz ki, sənətdə sizə bir xanım mane olub...

 

- Mənim elə bir xasiyyətim var, insanlara psixoloji və fiziki baxımdan hücum edən deyiləm. Amma mənliyimə, qüruruma, mənəviyyatıma toxunanları heç vaxt bağışlamıram və son qədər gedirəm. Çünki uşaq vaxtı mənim mənliyimə toxundular, mənəviyyatımı sındırdılar.

 

Sənətə addım atanda ilk vaxtlarda sıçrayışla başladım, bütün müğənnilərlə müqayisə edildim. Mənə qarşı paxıllıqlar sayəsində özümdə güc topladım. Bu mənə gənclik illərində çatmırdı.

 

Amma yaşa dolduqca anladım ki, bu qədər pislik etmək olmaz. Ayıldım və düşündüm ki, nə olur-olsun, hər ikimiz öz gücümüzü göstərək. Mən gücümü Allahdan alıram və ondan istəyirəm. Bu hadisələr yaradıcılığımda elə bir tarixdir ki, onu bir saata sığışdırmaq olmaz. Allah mənə güc verir ki, dayanım.

 

Mən başımı aşağı salıb, öz işimi görürəm. Zamanında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli ola, çoxsaylı xarici ölkələrə gedib, Azərbaycanı layiqincə təmsil edə bilərdim. 1972-ci ildən yolumu kəsdilər, xarici səfərlərə getməyimə mane oldular. Başıma nə oyunlar gətirdilər...

 

O zaman yalnız Azərbaycan dövlət televiziyası fəaliyyət göstərirdi. Televiziyada çıxışlarımın başına nə oyunlar açdırırdılar... Hər gün, hər saat əsəb keçirməkdən üzülürdüm. Elə insanlardan şeytan da əl çəkib.

 

Mən səhnəyə gələndə qeyri-adi görünüşə sahib idim, sarışın, göy göz... Bu isə bəzilərində qısqanclıq yaradırdı. Səhnəyə gəlişim də böyük partlayışa səbəb oldu. Mən bu mərhələyə aramla gəlmişəm. Ayağımın altına dəfələrlə daş qoyublar ki, yıxılım. Mən ehtiyatla, yavaş-yavaş addımlamışam...

 

Əgər məni zirvədə görürsünüzsə, məni zirvədən düşməyə qoymayın. Mən də çalışacam ki, nə xalqımın, nə də dövlətimin başını aşağı etməyim.

 

- Yaxın günlərdə yıxılmağınız haqqında xəbərlər yayıldı. Hazırda səhhətiniz necədir?

 

- Qardaşım oğlugildə qalıram. Yeni evə köçmək mərhələsindəyik. Hələlik buradayam. Məni görmək istəyən doğmalar gəlib-gedirlər. Mən də elə insanam ki, qonaqları özüm yola salıram. Birdən ayağımı tərs qoydum, yerə yıxıldım. Bir ayağım çatladı, bir ayağım isə əzildi. Hazırda hər şey yaxşıdır.

 

- Siz verilişlərin birində qonaq olarkən Brilliant Dadaşova Flora Kərimova zəng etdi. Hər iki həmkarınızla küsülü idiniz?

 

- Xeyr, küsülü deyilik. Brilliant xanımla küsülülük var idi, keçdi, getdi. Flora Kərimova ilə heç vaxt küsülü olmamışam.

 

Ümumiyyətlə, çalışacam ki, heç kəs məndən küsməsin. Çünki hər birimiz bir ömür yaşayırıq. Hər bir insan nədənsə inciyə də bilər. Çox həssas və hissiyyatlı insanam. Zamanında Brilliantı çox istəmişəm...

 

- Nisə xanım, süd vəzi xərçəngindən əməliyyat olundunuz. İndi səhhətiniz necədir?

 

- Mən müalicəni də alıb sağalmışam. İnsan Allaha sığınmalı və dua etməlidir. Xəstəliyi də, dərmanını da verən Allahdır. Həmişə Allaha şükür etmişəm ki, nəyinsə kəffarəsini ödəyirəm, şükür, bu xəstəliklə sınağa çəkdin. Əməliyyatda narkozdan ayılanda ilk sözüm "Əlhəmdülillah" oldu. Əməliyyata isə "Bismillah"la getdim.

 

Allahın verdiyi dərdə şükür dedim və ona görə məni sağaltdı. Səhhətimdə hər şey qaydasındadır. Gözləyirəm ki, pandemiya bitsin, toylar başlasın, məclislərdə iştirak edim.

Teleqraf.com