NƏ VAXTA QƏDƏR BOYKOT? – İdeal seçki olmayacaq, amma…

0
17

İstər Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət, istər beynəlxalq arenada ölkəmizə göstərilən münasibət, təzyiqlər, istərsə də iqtisadiyyatımızın durumu, təbii xammalın dünya bazarındakı qiymətləri və s. kimi vacib amillərin təsiri altında formalaşan hazırki mürəkkəb bir dönəmdə parlament, prezident seçkisi kimi ciddi siyasi hadisələrin əhəmiyyəti daha da artmış olur. Bu prosesdən kənarda qalmaq isə nəinki hansısa siyasi qüvvə, hətta sıravi seçici üçün də yalnız məsuliyyətsizlik və öz xalqının, dövlətinin taleyinə qarşı biganəlik anlamı daşıyır.

Artıq növbədənkənar parlament seçkisinin fevralın 9-da keçirilməsinə dair siyasi və hüquqi qərar verilib. Yəni ki, bu proses dönməz və qarşısıalınmazdır. Doğrudur, heç kim ölkədə ideal seçki, tam azad siyasi rəqabət mühitinin olduğunu iddia edə bilməz. Xüsusilə də seçkinin növbədənkənar qaydada keçirilməsi vaxt baxımından toparlanmaq, maksimum şəkildə təşkilatlanmaq və kampaniya keçirmək imkanlarını xeyli məhdudlaşdırır. Lakin bütün bunları bəhanə kimi göstərərək, boykot çağırışları etmək və seçkiyə qatılmamaq heç də siyasi bacarıq, uzaqgörənlik əlaməti sayıla bilməz və heç bir siyasi liderə dividend qazandırmaz. Ancaq göründüyü kimi, artıq Milli Şura belə bir qərarı verdi…

Azərbaycanın ən yeni tarixinin təcrübəsi onu deməyə əsas verir ki, istənilən formada boykot qərarı ölkənin beynəlxalq arenadakı mövqelərinə mənfi təsirdən başqa heç bir effekt vermir. Bəli, təkcə siyasi hakimiyyətin deyil, məhz ümumilikdə ölkənin maraqları ciddi zərbə alır. Və bundan təkcə hakimiyyət deyil, bütünlükdə ölkə ziyan çəkmiş olur. Məsələ ondadır ki, boykot qərarı verən siyasi qüvvənin özü də bu prosesdən heç də qalib qismində çıxmır, əksinə, onun potensialı, real gücü yenə də açılmamış, istifadə olunmamış qalır və bu qərar qətiyyən həmin gücün artmasına xidmət etmir. Nəticə etibarilə də özü barəsində küsəyən, mübarizə əzmi, cəsarəti olmayan qeyri-ciddi siyasi təşkilat təəssüratı yaratmış olur.

Əslində, seçki kampaniyası sözügedən siyasi qüvvənin öz potensialını açması və nümayiş etdirməsi baxımından olduqca əhəmiyyətli meydançadır. Əhalini icazəsiz aksiyalara çağırıb şəhərin mərkəzinə 1-2 min insan toplamaq, polislə qarşıdurma yaranmasına səbəb olmaqdansa, qanunla seçki kampaniyasının verdiyi imkanlardan maksimum yararlanmaq daha effektli olmazdımı? Və məhz bu yolla gerçək elektoratının heç də həmin 1-2 min adamdan ibarət olmadığını göstərmək daha düzgün deyildimi?

Ən azından bu siyasi qüvvəyə liderlik edənlər öz namizədliklərini verdikləri təqdirdə qanunla polisin dağıtmalı deyil, şərait yaratmalı, təhlükəsizliyini təmin etməli olduğu seçicilərlə görüşlərdə tərəfdarlarının əhəmiyyətli qisminin iştirakını təmin edə bilərdilər – heç bir qarşıdurmasız-filansız. Həmçinin, telekanallara, geniş auditoriyaya çıxışları, geniş təbliğat imkanları əldə edərdilər.

Bütün dünyada seçki kampaniyası siyasi qüvvələr üçün xalqla geniş təmas, ideya və planlarını xalqa təqdim etmək üçün ən ideal fürsət olduğundan normal, nüfuzlu siyasi qüvvələr boykota deyil, seçkiyə gedir, çünki istənilən halda seçkidə iştirak boykotdan daha effektlidir. Axı boykotun hansı nəticələri verəcəyi elə bəri başdan aydın şəkildə görünür – növbəti məğlubiyyət və ümidsizlik! Özü də bunu görmək üçün heç siyasi lider olmağa da ehtiyac yoxdur…

Hazırda elan olunan struktur, kadr islahatları hakim siyasi qüvvənin mümkün qədər çeviklik, intensivlik göstərmək, hansısa məqsədlərə nail olmaq istəyindən xəbər verir və bu, başadüşüləndir. Lakin hakimiyyətin başlatdığı olduqca aktiv siyasi fəaliyyətin fonunda özünü siyasi müxalifətin lideri hesab edən qüvvənin boykot çağırışları etməsi onun barəsində olduqca sönük, passiv, təmbəl və məsuliyyətsiz təşkilat təəssüratı yaradır. Ən azından ona görə ki, bu təşkilat bilərəkdən, ya bilməyərəkdən artıq uzun illərdir hakimiyyətə seçkini öz iradəsinə uyğun şəkildə təkbaşına keçirmək inhisarçılığını verib. Hansı ki, seçki keçirmək təkcə hakimiyyətin işi deyil və özünü aparıcı müxalif siyasi qüvvə hesab edənlər xalqın bütün təbəqələrinin, həmçinin onu dəstəkləyənlərin seçkidə iştirakını və iradəsini ortaya qoymasını təmin etməlidir. Daha küsüb kənara çəkilməli deyil. Yoxsa belə təəssürat yaranır ki, həmin bu qüvvə siyasi proseslərlə ayaqlaşa bilmir, geri qalır və bu geriliyini icazəsiz aksiyalarla (onu da keçirə bilsə-red.), yaxud boykotla ört-basdır etməyə çalışır.

Hazırkı siyasi mənzərə ondan ibarətdir ki, əsas müxalif qüvvələrin yerlərdə, xüsusilə bölgələrdə, kənd rayonlarında təşkilatlanma səviyyəsi sıfıra yaxındır. Az-çox paytaxtda aktivlik göstərmək, öz elektoratını toparlamaq imkanları mövcuddur. Bunun üçünsə ən azından heç olmasa bir neçə tanınmış, siyasi yükü olan namizədlər irəli sürərək, elektoratı bu şəxslərin seçki kampaniyası ətrafında toplamaq, bütün gücü bu namizədlərin verildiyi dairələrə yönəldərək, müsbət nəticə əldə etmək mümkündür. Axı siyasi mübarizə üçün meydan verilmədiyindən, mühit yaradılmadığından gileylənən qüvvə üçün seçki kampaniyasından yaxşı, əlverişli şans ola bilərmi?

Nəhayət, boykot çağırışı və qərarı istər əksər beynəlxalq təşkilatlarda, istərsə də daha vacibi olan elə öz cəmiyyətimizdə istənilən siyasi qüvvənin tam real gücünün ortaya çıxmasından, görsənməsindən qorxmasına dair şübhələrə səbəb olur. Yox, əgər reallıqdan qorxmursansa, çıx və gücünü göstər! Onsuz da məlum siyasi qüvvənin son icazəsiz aksiyalara dair verdiyi qərarlar, bəyanatlardan sonra geri çəkilməsi heç də onun nüfuzuna müsbət təsir göstərməyib və bir növ qorxaqlıq təəssüratı yaradıb. Seçkidən imtina edilməsi isə bu təəssüratı daha da gücləndirə bilər.

Seçkidə iştirak iş, zəhmət və əzmkarlıq tələb edir. Ondan imtinaya isə siyasi təmbəllik, küsəyənlik və hətta məsuliyyətsizlikdən başqa ad vermək çətindir…

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin