Narkoloji Mərkəzdə yanğın törətməkdə təqsirləndirilənlərin məhkəməsində zərərçəkmiş dindirilib

0
15

Oktyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

AnTv.az-ın xəbərinə görə, prosesdə zərərçəkmiş qismində Kamil Məmmədov ifadə verib. O, təqsirləndirilən şəxslərdən M.Məmmədovla A.Məmmədovanı tanıdığını söyləyib.

Zərərçəkmiş bildirib ki, narkotik istifadəçisi olduğu üçün mart ayından mərkəzdə müalicə alırmış: “Hadisə zamanı 15-ci palatada yatırdım. Gecə mənimlə eyni palatada qalan Mahir adlı şəxs məni yuxudan oyatdı. Gözlərimi açanda hər yerin tüstü olduğunu gördüm. Tez çölə çıxdım. Çöldə mühafizəçi hər kəsə kömək edirdi”.

K.Məmmədov qeyd edib ki, yanğın zamanı çölə çıxanda M.Məmmədovu orada görməyib: “Məhəmməd bizə yaxın palatada qalırdı. Hadisə zamanı çölə çıxanda onu orada görmədim. Sonra bizi başqa korpusa saldılar”.

Proses  noyabrın 2-də  davam edəcək.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. Daha sonra o, dünyasını dəyişib.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin