“Mühacirət etmiş soydaşlarımızın mütləq əksəriyyəti xoşbəxt deyil” -TOĞRUL ƏZİZ

0
75

“Mühacirət etmiş soydaşlarımızın mütləq əksəriyyəti xoşbəxt deyil. Ümidlərlə köç eləyiblər, maddi təminat tapanlar da, tapmayanlar da mənəvi boşluqdadılar, zülüm çəkirlər. Vətəndə hakimiyyət uğrunda mübarizə aparan biri burada 3-cü sinif insan belə olmadığını görür. Vətəndə qohum-əqrəbasının köməyində duran biri burada sosial yardıma möhtacdı. Sosial təminat qurumu görəvlisinin həqarətli baxışlarına, aşağılayıcı səs tonuna məruz qalır”.

AnTv.az-ın xəbərinə görə, bu haqda Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri Toğrul Əziz sosial əbəkədəki səhifəsində belə yazıb:

“Geri qayıtmaq istəmir. Ulağa minmək bir ayıb, düşmək iki ayıb. Onsuz da məni burda kim tanıyır deyib restoranda qab yuyur, küçə süpürür, butulka yığıb satır. Axşamları içir, milli musiqi dinləyib ağlayır, mitinq olanda xeyri olmadığını bilsə də gedib əliyevlərin dalınca ürəkdən qışqırır. Özünə yer tapa bilmir. Orda kimiydin, burda kimsən.

Nə etməli…

Əslində, dramatikləşdirmək lazım deyil. Hər kəs öz həyatını özü çətinləşdirir. Mühacirət qərarı verib gəlmək işin ən çətin tərəfi deyil, ən çətini yerli cəmiyyətə inteqrasiyadır. Artıq buralıyam deyib, buranın yerlisi olduğuna qərar verməlisən. Bu qərar səni böyük psixoloji yükdən azad edəcək. Yeni yurdun burasıdır, Almaniya, İsveç, Niederland və s.

Yerli dili öyrənmək ən vacib məsələdi. İctimai aktiv insan olduğun üçün, yerli dili bilməklə yerli ictimai siyasi proseslərdə aktiv iştirak edib özünü yenidən cəmiyyətin bir parçası kimi hiss edə bilərsən. İşləyib qazana bilərsən.

Azərbaycanın dərdi qədər, yaşadığın ölkənin problemləri də səni maraqlandırmalıdı. Nəhayətində burada yaşayır, burada qazanırsan.

Bunları ona görə yazıram ki, artıq Avropada təşkilatlanmağa ehtiyac duyulacaq qədər çoxalmışıq. Özümüzün bilmədiyi güc olmuşuq. Gücümüzü səmərəli istifadə etməliyik.

Azərbaycanda seçkinin bizə az dəxli olmalıdı. Sivilizasiyalar çatışması var. Burdakıların duyduqlarını Azərbaycandakılar çətin duyur. Arzu edib, boşuna özünüzü yorub mitinqlərdə əziyyət çəkməyin. Əliyevlərə, Paşayevlərə heç nə edə bilməyəcəksiniz.

Gəlin enerjimizi buradakı siyasi proseslərə xərcləyək. İrəli çıxan soydaşlarımızı dəstəkləyək. Onların mənsub olduqları partiyalarda daha da irəli getməsinə nail olaq. Qısacası buradakı proseslər üçün təşkilatlanaq.

Təşkilatlanmasaq böyük mədəniyyətlərin içərisində əriyib gedəcəyik”.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin