Mübariz Mənsimov hüquq müdafiəçisinin müalicə xərclərini öz üzərinə götürdü

0
30
Noyabrın 1-də Azərbaycan Beynəlxalq Bankının Nərimanov şöbəsində Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyevanın adına hesab açılıb. Oktyabrın 29-da avtomobil vurması nəticəsində ciddi xəsarət alan hüquq müdafiəçisini dəstəkləmək istəyənlər manat, avro və dollar ilə vəsaiti həmin hesaba köçürə bilər. Tanınmış hüquq müdafiəçisini oktyabrn 29-da maşın vurub və ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona beyin zədələnməsi diaqnozu qoyulub.
Həkimlərin rəyinə görə, O.Gülalıyevin komadan 21 gündən tez çıxacağı gözlənilmir. Həkimlər bunu onun əməliyyata gec alınması ilə izah ediblər. Onların sözlərinə görə, həyatı üçün təhlükə qalır. Əməliyyatın 3-cü və 7-ci günləri xəstə üçün kritik günlərdir. Həkimlərin əsas vəzifəsi beyinə yenidən qan sıza bilməsinin qarşısını almaqdır.
AnTV.az xəbər verir ki, Azərbaycanlı iş adamı Mübariz Mənsimov hüquq müdafiəçisinin müalicə xərclərini öz üzərinə götürüb. İş adamı bu haqda “facebook” səhifəsində yazıb:
“Hüquq-müdafiəçisi Oqtay Gülalıyevi şəxsən tanımıram, amma son günlər mənə gələn mesajlardan sonra vəziyyətlə maraqlandım. İnsanlar durmadan mənə mesajlar və videolar göndərirlər. Məndən Oqtay bəyə kömək etməyimi istəyirlər. Bəziləri məni hətta təhqir edərək nəyə görə kömək etmədiyimə dair məndən hesabat tələb edirlər. Əvvəla, təhqir yazanlara deyirəm ki, sözünüz varsa, ünvanımız hamıya məlumdur: Türkiyədə də, Azərbaycanda da. Mən anlamıram, bu nə söyüşlərdi yazırsız? Sizin evdə ananız, bacınız, nəhayət, ailəniz yoxdur? Biz millət olaraq artıq hörmət və sayqı hissini itirmişik. Bu adamlar azərbaycanlı ola bilməz və bu nalayiq ifadələri yazanları millətimdən saymıram.
Təkrar edirəm, mənim üçün müxalifət də, iqtidar da eynidir. Bəziləri “Siz də qoxdunuz?”, “İqtidar sizi də ələ aldı?” – deyə, qəzəbli suallar ünvanlayırlar. Əzizlərim, mən Allahdan başqa heç kimdən qorxmuram! Mən sizin dediklərinizə sadəcə gülürəm. Dəfələrlə demişəm və yenə də təkrar edirəm: “Məni siyasətə qatmayın! Mən iş adamıyam. Mən Azərbaycanlıyam və əgər kiminsə mənə ehtiyacı varsa, onun nə iqtidar, nə də müxalifətçi olmasına Baxmaram.”
Deyirlər, Oqtay bəy hüquq müdafiəçisidir və müxalifətçidir. Məsələn, Türkiyədə fərqi yoxdur sən kimsən: iqtidarsan, müxalifətsən, harada işləyirsən, kasıbsan ya varlısan. Önəmlisi odur ki, sən Türkiyə Cümhuriyyətinin vətəndaşısan. Vətəndaşlara sahib çıxmaq lazımdır ki, köməyi başqalarında və başqa yerlərdə axtarmasınlar. Mən başa düşmürəm, nəyə görə hələ də Azərbaycanda sığorta sistemi işləmir. Özümüzü dünya miqyasında zənn edirik, amma vətəndaşlar hələ də sığortası olmadan yaşayır. Hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır: istər dövlətdə, istərsə də özəl şirkətdə calışmasından asılı olmayaraq. Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənməlidir. Bütün bunlara rəğmən, təbii ki, əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin