MSK hara baxır?! Azay Quliyev vaxtından əvvəl təbliğatla məşğul olaraq qanunu pozur

0
3705

Xəbər verdiyimiz kimi 9 fevral 2020-ci il tarixində parlament seçkiləri keçiriləcək. Yanvar ayının 17-sindən etibarən isə namizədlərin təbliğat-təşviqat kampaniyası start götürəcək.

Deyəsən bəzi namizədlər üçün qanunun əhəmiyyəti yoxdur. Belə ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürmüş Azay Quliyev artıq qanunu seçkilər başlamamış pozmaq niyyətindədir.

Bir müddətdir ki, facebook sosial şəbəkəsində dairənin adına səhifə açılmış, dairədə qeydiyyatda olan seçiciləri səhifədə topladıqdan sonra səhifə fəaliyyətə başlamışdır. Səhifədə yalnız Azay Quliyevin sponsorlu reklamlarından başqa heç nə olmaması insanlarda şübhə yaratdığı üçün namizədlərdən biri mesenger bölməsinə bu barədə şikayət etdikdən sonra məlum olub ki, səhifəni Azay Quliyevin adamları idarə edir, hətta admin bilməyərəkdən bunu etiraf edib.

Bəs Azay Quliyev bilirmiki, namizədin dairənin adından səhifə açmaq ixtiyarı yoxdur və bu birbaşa seçki məcəlləsinin qanunlarını pozmaqdır? Artıq səhifə silinib. Görünür, deputatlıq dönəmində ona başa salan olmayıb ki, hər şeyin öz qayda qanunları var. Edilən şikayətlərdən sonra bunun qadağan olduğunu öyrənərək səhifəni bağlatdırıb.

Ağasif Şakiroğlu

Bu məsələ ilə bağlı 8 saylı Binəqədi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Ağasif Şakiroğlunun fikirlərini aldıq:

Ağasif Şakiroğlu: “Bir insan özünə nə qədər arxayın ola ki, seçki məcəlləsini, ölkənin qanunlarını ayaqlar altına ataraq təbliğat-təşviqat dövrü başlamadan öz təbliğatını aparmağa başlasın?! Hələ bu azmış kimi ölkə prezidentinin səlahiyyətlərini mənimsəməyə cəhd etsin, özünü cəmiyyətə, seçicilərə prezidentin köməkçisi kimi təqdim etsin… Bu biyabırçılıqdır! Aydındır ki, Azay Quliyev rəqabətə hazır deyil, namizəd olduğu ərazidə hörmət sahibi deyil, bu səbəbdən də hakimiyyətin və prezident Əliyevin kölgəsində gizlənərək, özünü siyasi hakimiyyətə yaxın göstərməklə xal və cəmiyyət qarşısında rəqiblərinə əzələ göstərmək istəyir. Amma dərk etmir ki, onun etdikləri dövlət adına bir qara ləkədir!

Azay Quliyevdən olsa bəlkə də 9 fevral 2020-ci ildən sonrakı nəticələri də elan edər, hətta deputat mandatının fotosunu da paylaşar. Hər halda prezidentin, Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərini mənimsəməyə cəhd etmiş birindən hər şey gözləmək olar! Özünü buraxmış parlamentin bu beyinli deputatlarına biriləri izah etsin ki, səs verib parlamenti buraxmısınız, özünüzü yox! Hələ mən bu deputat olmaq istəyən şəxsin ərazidə seçicilərə verdiyi vədlərdən, payladığı pullardan danışmıram… Zamanı var təbii ki! Hər birini faktlarla cəmiyyətə və aidiyyatı qurumlara təqdim edəcəyik…

Hesab edirəm ki, mütləq formada MSK bu qanunsuzluqla bağlı tədbir görməlidir. Buradan açıq məktub yazaraq MSK rəhbərliyinə və şəxsən Məzahir Pənahov cənablarına müraciət edirəm: Durdurun bu namizədin özbaşınalığını! Azay Quliyev adlı bu şəxsin əməlləri dövlət adına qara bir ləkədir!”

 

GAP mətbuat xidməti

İndi isə Azay Quliyevin bu qanunsuz əməllərinə ortaq olan şəxs haqqında danışaq.

Gündüz Abbaszadə

Fotoda gördüyünüz şəxs futbol şərhçisi Gündüz Abbaszadədir. Azay Quliyevin Seçki Qərargahının media üzrə koordinatoru kimi fəaliyyətə başlayıb. Heç vaxt siyasətdə olmayan, siyasətin S-indən xəbəri olmayan adam sosial şəbəkə hesabında Azay Quliyevə vəkillik edərək səhifənin saxta olduğunu, hətta utanmadan rəqibləri olan Ağasif Şakiroğlunun açdığını iddia edir. İnsanda üz yaxşı şeydi.

Bundan əlavə postuna göz gəzdirdikdə daha bir komedik səhnənin şahidi oluruq. 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərindən birinin Azay Quliyevdən etdiyi şikayətin cavabında onun 4 il ərzində sakinlərlə mütəmadi görüşlər keçirdiyini, insanların problemlərini həll etdiyini iddia edir. Həm də seçicini səhv çıxartmağa çalışaraq. Biriləri bu jurnalistə sual vermir ki, sən Azay Quliyevin qərargahına təyin etdiyi şəxssən, sən hansı haqla seçicini səhv çıxarmağa çalışaraq Azay Quliyevin son 4 illik deputat fəaliyyətindən ağızdolusu yazırsan? Əcəba, nə vaxt Azay Quliyevin yanında oldun ki, buna əminsən? Görünən odur ki, yazdığı rəylər belə hazır göndərilmiş cavablardı. Saxtakarlıq, MSK-nın səlahiyyətlərini mənimsəmək və trolluq funksiasını yerinə yetirmək.

Azay Quliyev üçün heç də yaxşı başlanğıc deyil. Görünən odur ki, seçki qərargahı açıb “jek işçilərini” yığıb “seçici” görüntüsü yaratmağa və pul müqabilində tutduğu adamlara hazır rəylər göndərməyə o qədər başı qarışıb ki, qanunları pozduğunun fərqində deyil. Bəs görəsən, MSK hara baxır? Azay Quliyev prezidenti saymır yoxsa MSK-nı? Axı, nə MSK təbliğat-təşviqat kampaniyasının başlamadığını bəyan etməyib nə də cənab prezident… Belə olan halda Mərkəzi Seçki Komissiyasının Azay Quliyevin qanunsuzluqlarına göz yumması həm prezidentə hörmətsizlikdir həm də Seçki Məcəlləsinə… Ümid edirik ki, MSK tez bir zamanda A.Quliyevin özbaşınalıqlarına tədbir görəcək…

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin