“MİLLİ MƏCLİS İŞİNİN ÖHDƏSİNDƏN GƏLMİRDİ” – “İmkan vermək gərəkdir ki, xalq seçsin…”

“Siyasətlə aktiv məşğul olmasam da ölkədə gedən prosesləri davamlı izləyirəm. İlin əvvəlindən bir çox siyasətçilər, politoloqlar parlamentin buraxılacağı və növbədənkənar seçkilər keçiriləcəyi haqqında proqnozlar verirdilər. Səsləndirilən arqumentlərin bir çoxu yetərincə ciddi idi, ona görə də qərar gözlənilməz olmadı. Mən də hesab edirəm ki, parlament işinin öhdəsindən gəlmirdi, Brejnev dönəmindəki durğunluğun ab-havasını yaradırdı, vətəndaşlar arasında etimadı çox aşağı idi”.

AnTV.az xəbər verir ki, bu fikirləri iş adamı, professor, Rusiya prezidenti Vladimir Putinin dostu İlham Rəhimov “musavat.com” saytına müsahibəsində bildirib. O, qeyd edib ki, ölkə gündəmi ötən 4 ildə Milli Məclisin gündəminə çevrilmədi: “Nə ciddi müzakirələr, nə diskussiyalar baş verdi, nə vətəndaşın gözlədiyi qərarlar qəbul olundu. Açıq-aydın görünürdü ki, parlamentin tərkibi xalqı yorub. Dünya sürətlə dəyişir. Zamanla ayaqlaşmamaq, fürsətləri əldən vermək deməkdir. Bizə varlığı ilə yoxluğu arasında ciddi fərq olmayan Məclis yox, çevik, funksional parlament gərəkdir. İlk növbədə imkan vermək gərəkdir ki, Milli Məclisi xalq seçsin. Əsas məsələ seçkinin demokratikliyini təmin etməkdir. Xalq seçməyi öyrənməlidir. Bu halda məsuliyyət də xalqa aid olacaq. Tərkib yaxşı olsa, xalqın uğuru olacaq, cəmiyyətimiz inkişaf edəcək”.

İ.Rəhmov özünün seçkilərdə iştirak edib-etməyəcəyi bardə sualı belə cavablandırıb: “Hələlik belə bir niyyətim yoxdur. Lakin seçki prosesi başlayandan sonra seçki şəraitini təhlil edib uyğun qərar qəbul etmək olar. Bilirsiniz ki, əslən Tovuz rayonundanam. Əgər Tovuz ziyalıları və ictimaiyyəti parlamentdə təmsil olmağımın ölkə üçün fayda verə biləcəyi qənaətinə gəlsələr, bu haqda düşünərəm”.

İş adamı Rusiyada Antipinsk Neftayırma zavodunda Azərbaycan tərəfdən SOCAR-dan başqa onun da payçı olduğu barədə yayılan xəbərləri təsdiqləyib: “Məsələ Azərbaycanda təqdim olunan kimi – yəni “SOCAR Rusiyada heç kimə lazım olmayan, dayanmış zavoda 3 milyard dollar yatırım edib” səviyyəsində deyil. Doğrudur, Antipinks Neft Emalı Zavodu bir neçə il idi dayanmışdı. Amma indi fəaliyyətdədir. O ki, qaldı mənim orada paya sahib olmağıma, bəli, bu, doğrudur”. 

 

AnTV.az