“Ləyaqətsiz insanların parlamentdə nə işi var?” – Onları yıxıb-sürüdü

Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi son günlərin ən çox müzakirə olunan məsələlərindəndir. Qanunverici orqanda təmsil olunmaq istəyənlərlə bağlı artıq bəzi informasiyalar yayılır. Bu fikirlərdən biri də incəsənət və şou aləmi təmsilçilərinin seçkidə iştirakı ilə bağlıdır. 

Maraqlıdır, siyasi camiyə şou əhlinin parlamentdə təmsilçiliyinə necə yanaşır?

AnTV.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cebhe.info-ya açıqlamasında şou-biznes nümayəndələri və sənət adamlarının parlamentdə təmsilçiliyinə müsbət yanaşmadığını bildirib:

“Cəmiyyətdə hər şey vəzifə bölgüsünə uyğun olmalıdır. Hər kəs öz peşəsinə, sənətinə uyğun hərəkət etməlidir. Azərbaycanda şou-biznes dediyimiz kəsim cəmiyyətin heç də qabaqcıl təbəqəsini təmsil eləmir. Onlar haqqında mətbuatda zaman-zaman kəskin fikirlər çap olunub. Milli əxlaqa zidd hərəkətləri, mədəni səviyyələrinin aşağı olması ilə bağlı hətta özləri də tənqid səsləndirib. Bu adamlar ictimai-siyasi həyatdan çox-çox kənarda durur. Bu baxımdan, onların parlament seçkilərində həvəsə düşməsini anlamaq mümkün deyil.

Çünki bir tərəfdən ictimai-siyasi fəallıqları, digər tərəfdən intellektləri, mədəniyyətləri yoxdur. Parlamentə düşən şəxs yalnız qanunverici təşəbbüsdə olmamalı, həm də millətə nümunə olmalıdır. Bu şəxs parlamentə düşənə qədər xalq və millət uğrunda müəyyən bir cəhdnin təcrübəsini ortaya qoymalıdır. Mən parlamentə düşüm, sonra xalqım, millətim barədə düşünüm? Bunların gecə-gündüz bir fikirləri var toylara getsinlər, pul qazansınlar, villa tikdirsinlər, geyinib-keçinib gəzsinlər və tez-tez də ya ər, ya da arvad dəyişsinlər. Bu, bir həyat tərzidir. Bir parlamentar üçün bunlar qəbuledilməzdir.

Mən şou-əhlinin parlamentdə təmsil olunmasını gülünc addım kimi qiymətləndirirəm. Hətta bu gün siyasətə dəxli olmayan, ictimai qeyri-fəal şəxslər də parlamentə düşməyə cəhd edirlər. Sanki Milli Məclis Azərbaycan xalqının və dövlətinin ən əhəmiyyətsiz bir institutudur, elə orada gedib vaxt keçirmək lazımdır. Dövlətin gələcəyi parlamentin fəaliyyəti ilə bilavasitə bağlıdır. Kifayət qədər ictimai-siyasi fəallıq edən, intellektual bazası olan, millətini düşünən, qlobal, geopolitik siyasəti başa düşən və indiyə qədər xalqı üçün addım atan insanlar parlamentə düşməlidir. Əlbəttə ki, seçkilər demokratik keçsə, heç bir şou-əhli gedib parlamentə düşə bilməz. Bundan əvvəl də bir neçə sənətkar – Amaliya Pənahova və Zeynəb Xanlarova parlamentdə təmsil olunurdu. Onların Milli Məclisdəki fəaliyyəti sıfırdan da aşağı olub. Bu səviyyəli insanların parlamentə düşməsinin nə əhəmiyyəti var?”

Partiya sədri əlavə edib ki, parlamentdə təmsil olunmaq istəyən şəxs ilk növbədə millətin 125 təmsilçisindən biri olmalıdır:

“Ola biləcəkmi? İndi o şou-əhli baxsın, onlar 125 nəfərdən biri olmaq haqqına malikdirlər? Onların bu haqqa malik olması üçün lazımi kriteriyaları varmı? Təkcə şou-əhli yox, siyasi partiya üzvü, kim olur olsun, seçkidə iştirak etmək istəyən istənilən şəxs birinci bu sualı özünə verməlidir. Tomas Cefferson demişkən: “təbii aristokrat…” O təbii aristokradan biri ola bilərmi? Bu günədək etdiyi hərəkətlərə, keçdiyi həyat yoluna baxsın və iddia ortaya qoysun. 25 yaşına çatmış istənilən şəxsin parlament seçkilərində iştirak etmək hüququ var. Amma o,  millətinə, dövlətinə hörmət etməlidir. Xaricdə də görmüşük ki, küçə insanları deputatlığa, prezidentliyə namizədliklərini veriblər. Amma bunlar şou xarakteri daşıyıb. Heç biri real həyata keçməyib.

Amma, məsələn, Reyqan artist olub. Dünyanın mənzərəsini dəyişən ən böyük siyasətçilərdən biri idi. Yaxud Çörçil rəssam idi, İkinci Dünya Müharibəsinin ən böyük şəxslərindən biridir. Hər şey ola bilər. Amma parlament üzvünün böyük məsuliyyəti var. Bu gün şou-əhli niyə parlamentə düşmək istəyir? Gedib orada şou nümayiş etdirəcək? Onların nə kimi parlamentar qabiliyyəti var ki, millətə xeyir versin? Danışmağı bacarmırlar, savad, siyasi şuur, təcrübə yox, bir dəfə çıxıb mitinqdə xalqın istəyini tələb etməyiblər. Azərbaycanın ciddi problemi olan Qarabağla bağlı hər hansı fikir səsləndirməyiblər. Hesab edirəm ki, bu, həm də vicdan və mənəviyyat məsələsidir. Təbii ki, insanın mənəviyyatı olmayanda böyük iddialarda ola bilər. Bu gün sıfır olan insanın “mən mütləq deputat olacağam” iddiası onun ləyaqətsizliyini göstərir. Bunu mən demirəm, elm belə sübut edir ki, insanların ləyaqəti bir kəsr xəttidir. Sürəti onun imkanları, məxrəci isə iddialarıdır. İddialar nə qədər böyük, imkanlar isə nə qədər kiçikdirsə, o insan bir az da ləyaqətsizdir. Ləyaqətsiz insanların parlamentdə nə işi var?”

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gələr-gəlməz xeyli sayda aktrisa və müğənni də deputatlığa namizəd olacağını açıqlayıb. Bu məsələdə xalq artisti Afaq Bəşirqızının da adı hallanır. Belə ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə xalq artistinin deputatlığa namizəd olması ilə bağlı kampaniya başladılıb. Belə ki, məşhurlar xalq artistinin fotosunu paylaşaraq, onu millət vəkili kimi görmək istədiklərini qeyd ediblər.

 

AnTV.az