Siyasət

Kremlin reaksiyası sərt olacaq! – “...Paşinyan devriləcək”

Ermənistan baş naziri Nikol Paşinyanın “niyə “İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10 faizi partladı?” fikirləri siyasi müstəvidə ciddi müzakirələrə səbəb olub. O, açıq- aydın Kremlə meydan oxumaq istəyir və bununla həm də Qərbə inteqrasiya yolundan dönmədiyini göstərir. Bəs Putin Paşinyanın bu səhvini bağışlayarmı? Çətin. Çünki Rusiya dövlət başçısının səbr kasası onsuz da dolub.

Yaxşı, bəs Paşinyan niyə bilə- bilə “intihar kəndirini” boğazından asır?

AnTv.az xəbər verir ki, Türkiyəli professor, beynəlxalq məsələlər üzrə ekspert Yaşar Onay Paşinyanın sözügedən açıqlamasını və ehtimal olunan nəticələri “Sherg.az”a şərh etdi:

““Ermənistan ordusu” deyilən bir məfhumun qalmadığını nəzərə alsaq, məncə, onlardan raketlərdən istifadə etməyi gözləmək də doğru olmaz. Əlbəttə, Paşinyanın açıqlaması ilə taktiki səhv elədi. Rusiyanın dünyanın ən öncül silah ölkələrindən biri olduğunu unutmamalıyıq.

Baş nazirin “raketlər partlamadı” bəyanatı Moskvaya dair şübhələr yarada və onun silah satışına mənfi təsir göstərə bilər.

Putinin onu bağışlamayacağı şübhəsizdir. Ermənistan hərbi-siyasi hakimiyyəti, yəqin, ABŞ və Fransadan silah almaq istədiyinə görə belə deyib. Başqa bir ehtimala görə isə rəsmi İrəvan silah bazarını qarışdırmaq və Moskvadan daha çox texnika gəlməyini təmin etmək istəyir.

Amma nə olur olsun, Kremlin reaksiyası sərt olacaq. Məncə, Paşinyan yaxın vaxtlarda devriləcək”.