Gündəm

Kollektiv gəzintiyə çıxan məktəblilər oteldə zəhərləniblər

Noyabrın 20-də “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə kollektiv gəzintiyə çıxan məktəblilər zəhərləniblər. AnTV.az-ın xəbərinə görə, aksiyada iştirak edən müəllim, Tovuz rayon sakini, Sahibə Həsən qızı Əliyeva (1964-cü il), şagirdlər - Göygöl rayon sakini, Ələsgər Rac oğlu Əliyev (2002-ci il), Tovuz rayon sakini, Emil Vüqar oğlu Alşanov (2003-cü il), Göygöl rayon sakini, Ayxan Nizami qızı Süleymanlı (2002-ci il), Ağdaş rayon sakini, Tabutay Eldəniz oğlu Hüseynli (2002-ci il), Ağdaş rayon sakini, Şəlalə Şirin qızı Kərimova (2003-cü il) zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AnTV.az-a açıqlamasında hadisənin baş verməsini təsdiqləyib. Onun sözlərinə görə, zəhərlənən müəllim və şagirdlər Qəbələdə yerləşdikləri otellərdən birində səhər naharından sonra Şəkiyə yola düşüblər: “Bir müəllim və 5 şagirddə qida zəhərlənməsı baş verib. Rayon xəstəxanasında onların mədələri yuyulub, nəzarətdə saxlamaq şərtilə evlərinə buraxılıblar”. Gülnaz Qənbərli AnTV.az