Jurnalist Cəmal Qaşıqçı kimdir?

Cəmal Qaşıqçı İsveçrədə Davos forumunda

Ərəb dünyasının ən nüfuzlu jurnalistlərindən biri olan Cəmal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.

Cəmal Qaşıqçı İsveçrədə Davos forumunda

AnTV.az xəbər verir ki, ərəb dünyasının ən nüfuzlu jurnalistlərindən biri olan Cəmal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanının konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Türkiyə rəsmiləri səudiyyəliləri günahlandırır, lakin rəsmi Ər-Riyad veteran jurnalistə zərər yetirildiyinə dair iddiaları rədd edir.

59 yaşlı Cəmal Qaşıqçı Səudiyyə Ərəbistanında, İslamın ən müqəddəs şəhərlərindən biri olan Mədinədə anadan olub. O zaman səudiyyəlilərin çoxu kimi o, təhsilini xarici ölkədə alıb. Cəmal Qaşıqçı 1983-cü ildə biznes administrasiyası ixtisası üzrə ABŞ-ın İndiana universitetindən məzun olub.

Jurnalist karyerası

Cəmal Qaşıqçı jurnalist karyerasına ingilis dilində çıxan Saudi Gazette qəzetində başlayıb. O, ərəb dilində nəşr olunan bir sıra qəzetlərdə çalışıb və 1990-cı illərdə Əfqanıstan, Əlcəzair, Sudan və Yaxın Şərqin bir çox ölkələrində müxbir kimi işləyib. Həmin dövrdə o, Əfqanıstanda ruslara qarşı döyüşən Osama bin Ladenlə tanış olub, onunla dostlaşıb. Cəmal Qaşıqçı o dövrdə bin Ladenlə bir neçə dəfə müsahibə aparıb.

O, 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanında ingilis dilində nəşr edilən ən böyük qəzet olan Arab News qəzetinin baş redaktoru kimi çalışıb. 2003-cü ildə o, Al Vatan qəzetinin baş redaktoru təyin edilib, lakin bu vəzifədə cəmi üç ay işləyib.

Al Vatan qəzetində işdən çıxarıldıqdan sonra Cəmal Qaşıqçı Səudiyyə Ərəbistanı şahzadəsi, Səudiyyə Ərəbistanının Baş Kəşfiyyat idarəsinin keçmiş rəhbəri olmuş Turki bin Feysəlin müşaviri kimi çalışıb. Şahzadə Turki bin Feysal 2005-2006-cı illərdə Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri olub.

Cəmal Qaşıqçı 2007-ci ildə şəxsi veb səhifəsində Al Vatan qəzetinin baş redaktoru vəzifəsində bərpa olduğunu yazır və bundan üç il sonra “Səudiyyə Ərəbistanı cəmiyyətində debatın sərhədlərini keçdiyinə” görə yenidən işdən çıxarılır.

2010-cu ildə Cəmal Qaşıqçı Bəhreyndə Manamada 24 saatlıq ərəb kanalı olan Əl-Ərəb tele-kanalının baş meneceri təyin olunur. Lakin telekanalın açıldıqdan 11 ay sonra bağlanması haqda qərar verilir.

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salman Fransaya səfəri zamanı, 9 aprel, 2018.

Öz istəyi ilə sürgün həyatı

O vaxtdan bəri Cəmal Qaşıqçı siyasi şərhçi kimi çalışaraq, bir sıra ərəb və beynəlxalq telekanallarda çıxış edib, müxtəlif mətbuat orqanları və sosial mediada yazılar yazıb.

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salmanın öz mövqeyini möhkəmlətməsi və tənqidçilərinə qarşı təqiblərə başlamasından sonra keçən il o öz istəyi ilə sürgündə yaşamaq üçün Birləşmiş Ştatlara köçmüşdü. Cəmal Qaşıqçı Əl-Cəzirə telekanalına mart ayında müsahibəsi zamanı demişdi ki, krallığı “ həbs edilmək istəmədiyi üçün” tərk edib.

Cəmal Qaşıqçının ailəsi Səudiyyə Ərəbistanında böyük nüfuza malik tanınmış ailələrdən biridir. O, səudiyyəli qadınla evlənmiş türk həkim Məhəmməd Qaşıqçının nəvəsidir. Məhəmməd Qaşıqçı Səudiyyə Ərəbistanı krallığının əsasını qoymuş kral Əbdüləziz Əl Saudun şəxsi həkimi olub.

Cəmal Qaşıqçının əmisi Adnan Qaşıqçının adı İran-kontra qalmaqlında hallanan silah taciri və səudiyyəli iş adamıdır. Adnan Qaşıqçı girovların azad edilməsi üçün silah sövdələşmələrində vasitəçilik edib. 1980-ci illərdə Adnan Qaşıqçı varidatı 4 milyard dollar təşkil edirdi.

Britaniya şahzadəsi Dayananın sevgilisi, onunla Parisdə avtomobil qəzasında həlak olmuş Dodi Fayed Cəmal Qaşıqçının qohumudur.

 

Yusif İsayev

AnTV.az