Jurnalist Baş Prokurorluğu məhkəməyə verib

0
108

 Ölkədən çıxışına qadağa qoyulan jurnalist Şahvələd Çobanoğlu məhkəməyə müraciət edib.

AnTv.az-ın xəbərinə görə, bu haqda jurnalistin vəkilləri məlumat veriblər. Vəkillər bildirib ki, Ş.Çobanoğlu son 2-3 ildə «Azadlıq» qəzeti, həbsdəki jurnalist Əfqan Muxtarlı və başqa işlərlə bağlı Baş Prokurorluqda bir neçə dəfə şahid qismində dindirilib. Jurnalist avqustun 14-də Azərbaycandan Rusiyaya keçmək istəyərkən saxlanıb. Xaçmaz rayonundakı Şirvanovka buraxılış məntəqəsində 1 saata yaxın saxlanan jurnalisti sərhədçilər geri qaytarıblar. Jurnalistin deməsinə görə, ona bildirilib ki, ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən qadağa qoyub. Ş.Çobanoğlunun vəkilləri hesab edir ki, onun ölkədən çıxışına qoyulmuş qadağa qanunsuzdur. Məhkəməyə şikayətdə bildirilib ki, Azərbaycanda ölkədən getmək qaydaları «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Qanunla tənzimlənir. Həmin qanunda ölkədən çıxışa yasaq qoyulmasının əsasları sadalanıb.

Jurnalistin Baş Prokurorluğa qarşı şikayəti artıq Nəsimi Rayon Məhkəməsində icraata qəbul edilib. İlk məhkəmə iclası sentyabrın 5-nə təyin edilsə də, prokurorluğun nümayəndəsi gəlmədiyindən təxirə salınıb. Məhkəmə prosesi sentyabrın 11-də keçiriləcək. Qeyd edək ki, Ş.Çobanoğlu tənqidçi jurnalistdir. Müxtəlif vaxtlarda “7 gün”, “Azərbaycan” qəzetlərinin müxbiri, “Yeni Müsavat” qəzetinin köşə yazarı, “Hürriyyət”, “Günaydın” qəzetlərinin baş redaktoru işləyib və başqa media orqanlarında çalışıb.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin