Siyasət

"İqtidar inzibati idarəetmə institutlarının yenidən və fərqli formada təşkilinə hazırlaşır" - AÇIQLAMA

"İcra başçılarının inzibati qaydada təyinatı və ya onların işdən kənarlaşdırılması ilə nə hüquqi dövlət qurmaq, nə də demokratik cəmiyyət institutlarını formalaşdırmaq olar".

AnTV.az xəbər verir ki, bu sözləri Gələcək Azərbaycan Partiyası sədrinin səlahiyyətli nümayəndəsi Aslan Həmidli deyib.

Aslan Hamidli: "Qarabağda Ədliyyə Nazirliyinin regional idarəetmə qurumlarının təsis olunması göstərir ki, iqtidar inzibati idarəetmə institutlarının yenidən və fərqli formada təşkilinə hazırlaşır. Rayonlarda icra başçılarının prezidentin səlahiyyətli nümayəndələri olaraq regional və ya vilayət başçıları ilə əvəzlənməsi gözlənilir, yəni bir neçə rayon bir vilayətdə birləşdirilir, bu isə bürokratik idarəetmə aparatının hədsiz dərəcədə şişməsinin qarşısını alacaq, idarəetmə orqanlarının saxlanılması üçün büdcə vəsaitlərinə qənaət etməmizə kömək edəcək, daha dəqiq desək səmərəli və effektiv idarəetmə sisteminə keçməyimizə dəstək olacaqdır. 

Şəxsən mən daha demokratik idarəetmə sisteminin tərəfdarı olaraq valilərin təyini deyil, yerlərdə seçicilər tərəfindən seçilməsinin tərəfdarıyam. Bu aşağıdan yuxarıya korrupsiyanın, rüşvətin, ələbaxımlılığın qarşısını almaqla yanaşı vilayətlərdə valilərin seçicilər qarşısında məsuliyyətini artırar. Növbəti dəfə seçilmək istəyi valilərin öz seçiciləri qarşısında hesabat verməyə məcbur edəcəkdir. Vilayətlərin mərkəzi büdcədən asılılığını azaltmaq üçün, onların öz büdcələrinin formalaşmasına şərait yaratmaq, yerlərdə büdcə vəsaitlərinin necə xərclənməsinə nəzarət məqsədilə vilayətlərdə prezidentin səlahiyyətli nümayəndələri olmalıdır, bələdiyyələrin yerli inzibati idarəetmə orqanlarından faktiki asılılığına son qoyulmalıdır. 

İcra başçılarının inzibati qaydada təyinatı və ya onların işdən kənarlaşdırılması ilə nə hüquqi dövlət qurmaq, nə də demokratik cəmiyyət institutlarını formalaşdırmaq olar. Təbii ki, bütün bu məsələlərin cəmiyyətin müxtəlif təbəqələri arasında ciddi müzakirələrə ehtiyacı var, idarəetmənin effektliyinə nail olmaq, idarəetmənin fəlsəfəsini dəyişdirmək lazımdır."

AnTV.az