Sosial

İosif Kobzon vəfat edib

SRİ-nin və Rusiyanın xalq artisti İosif Kobzon vəfat edib.
AnTv.az xəbər verir ki, bu barədə "TASS"-a xalq artistinin həyat yoldaşının köməkçisi deyib. İosif Kobzon 11 sentyabr 1937-ci ildə Ukraynanın Donetsk əyalətində yəhudi ailəsində anadan olub. 8-ci sinifi bitirdikdən sonra Dnepropetrovskidə Dağ-mədən texnikumuna qəbul olunur. Hələ məktəb illərindən rayon, vilayət tədbirlərində diqqəti cəlb edən ifaları ilə Kobzon öz istedadını nümayiş etdirməyi bacarır. Məktəblilərin Ümumittifaq Musiqi festivalının qalibi olan Kobzon 1946-cı ildə Kremldə Stalinin qarşısında çıxış edir. İki il sonra 1948-ci ildə yenidən ona rəhbərin qarşısında çıxış etmək qismət olur. Moskvada Dövlət Musiqi-pedaqoji institutuna qəbul olsa da Kobzon qısa bir müddətdən sonra populyar müğənnilərin sırasında yer alır. 1965-ci ildə İosif Kobzon populyar estrada müğənnisi Veronika Kruqlova ilə ailə həyatı qurur. Lakin iki il sonra iki populyar müğənni boşanırlar. Elə həmin il İosif Kobzon tanınmış aktrisa Lyudmila Qurçenko ilə ailə həyatı qurur. Bu nikah da Kobzona xoşbəxtlik gətirmir. 1970-ci ildə yəhudi ailəsində tərbiyə almış Ninel Drizina ilə 3-cü dəfə ailə quran müğənninin iki övladı olur: Andrey və Natalya. 1998-2018-ci illərdə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, mədəniyyət üzrə (2011 2018) komitəsi sədrinin birinci müavini olub. 2002-ci ildə İosif Kobzonda xərçəng xəstəliyi aşkar olunur və o müalicə olunmağa başlayır. Bununla belə o siyasi fəaliyyətini dayandırmır. Ukraynanın Donetsk və Luqansk vilayətlərində baş verən hadisələrlə bağlı siyasi çıxışlarına görə, Ukrayna vətəndaşlığından çıxarılıb və ölkəyə girişi qadağan olub. Qeyd edək ki, Azərbaycan Prezidentİlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzonu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.