İcra başçısından ağacəkmə kampaniyasına qeyri-ciddi yanaşma: “Nəsimi”yə musiqi sədaları altında ağac əkdirdi

Füzuli rayon İcra Hakimiyyətin başçısı Alı Alıyevin ağacəkmə kampaniyasına bu yanaşması sosial şəbəkədə sərt şəkildə tənqid edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Füzuli rayon İcra hakimiyyəti də qoşulub.

AnTV.az xəbər verir ki, aksiyada Füzuli rayon İcra Hakimiyyətin başçısı Alı Alıyev, İcra nümayəndələri və yüzlərlə rayon sakini könüllü olaraq iştirak edib.

A. Alıyev qeyd edib ki, bu aksiya çərçivəsində səhər saatlarından Füzuli rayonu ərazisində müxtəlif növ meyvə tinglərinin əkilməsinə başlanılıb:

“Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı aksiya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilər müəyyənləşdirilib, həmin ərazilərdə şum aparılıb, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb. Gün ərzində rayon ərazisində 5000 ağac tinginin əkilməsi nəzərdə tutulub. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir. Bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm”.

Daha sonra aksiya Füzuli Dövlət Dram Teatrın aktyorların çıxışları və  musiqi sədaları ilə davam edib.

 

AnTV.az