Siyasət

Gələcək Azərbaycan Partiyasından atəşkəslə bağlı bəyanat: "Atəşkəsə son qoyulsun!"

Ermənistanın işğalçı silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir, mülki əhali arasında xeyli sayda ölən və yaralanan var. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları qarşısında aciz qalaraq atəşin dayandırılması üçün dünyaya yalvaran düşmən bu gün özünün əsl simasını göstərir. Azərbaycan tərəfinin üstün mövqeydə olmasına baxmayaraq humanitar xarakterli atəşkəsə razılıq verməsi dünyaya sülh mesajı idi. Amma ötən gecə baş verənlər bir daha sübut etdi ki, Ermənistan siyasi hakimiyyəti silahlı qüvvələrilə birgə bir terror təşkilatıdır, heç bir norma və hüquq tanımır. Terror təşkilatı, qeyri-insani təfəkkür sahibləri ilə sülh danışıqları, atəşkəs razılaşmaları mənasızdır.

AnTV.az-ın xəbərinə görə, bu, Gələcək Azərbaycan Partiyasının bəyanatında qeyd olunub.

"Gələcək Azərbaycan Partiyası Azərbaycan xalqının bu günlərdə göstərdiyi döyüş əzmini, birlik və həmrəylik örnəyini, qələbə ruhunu və nəhayət ərazi bütövlüyümüzün bərpası haqqımızı əsas tutaraq Azərbaycan hakimiyyətini erməni terror hökuməti ilə bütün danışıq və anlaşmalara son qoyaraq torpaqlarımızın azad olunması uğrunda hərbi əməliyyatları bərpa etməyə çağırır. Qarabağ Azərbaycandır! Qələbəyə doğru!" - bəyanatda vurğulanıb.

AnTV.az