Gündəm

Fatih Dönməz: Türkiyənin Naxçıvanla əlaqələri enerji sahəsində də güclənəcək

"Ötən ilin sonunda Azərbaycan və Türkiyənin energetika nazirləri arasında Naxçıvana təbii qaz boru kəməri ilə bağlı razılaşma əldə edildi. Bununla əlaqədar ərazi qiymətləndirmə layihəsi hazırladıq. İnşallah yaxın bir neçə ayda müqaviləni başa çatdıracağıq və dərhal boru kəmərinin istehsalına başlayacağıq.

Bunun inşası üçün 12 ay vaxt planlaşdırılıb. Bu, İqdır şəhərinin strateji əhəmiyyətini artıracaq əhəmiyyətli layihələrdən biridir".

“AnTv” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Fatih Dönməz Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında sərhəd ticarətinin tarixinin uzun müddətli olmasına işarə edərək, bu ticarətin enerji sahəsində də güclənəcəyini söyləyib.

Nazir Naxçıvana tədarük ediləcək təbii qaz kəməri marşrutu üzərində yerləşən bələdiyyələrin və qəsəbələrin gələcəkdə təbii qazdan istifadə etmək üçün çıxış nöqtələrinə malik olacağını söyləyib.

Xatırladaq ki, dekabrın 15-də Ankarada Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Türkiyə tərəfdən isə energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıb.

Anlaşma Memorandumuna əsasən, bu sənəd Naxçıvanın təbii qazla təminatı üçün strateji əhəmiyyət daşıyır. Hər iki ölkənin şirkətlərinin – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BOTAŞ-ın təbii qazın tədarükü ilə bağlı texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığına təminat verir. Türkiyədən Naxçıvana qaz tədarükü qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək.

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi və illik 500 milyon kubmetr təbii qaz tələbatı ilə Naxçıvana qaz nəql ediləcək. Boru kəmərinin İğdırdan Naxçıvana - Sədərək rayonuna qədər olan hissəsi 85 kilometr təşkil edəcək. Bu boru kəməri ilə illik 500 milyon, gündəlik olaraq isə 1,5 milyon kubmetr qaz nəql etmək həcminə malik olacaq ki, bununla da Naxçıvanın qaz tələbatı tamamilə ödəniləcək.