Etibar Pirverdiyev həbs olunur?

0
1398

Prezident İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AnTv-nin xəbərinə görə, sərəncamla Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Diqqətə çatdıraq ki, 2 iyul 2018-ci il tarixində Azərbaycanda baş verən işıq krizi ilə bağlı təxsirkar qismində Etibar Piriyev göstərilirdi. Onu “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə dövlət tərəfindən ayrılmış milyonlarla maliyyə vəsaitini mənimsəməkdə ihtiham edirdilər.

Qeyd edək ki, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev 2 iyul 2018-ci il tarixində Azərbaycanda baş verən işıq krizi ilə bağlı verdiyi açıqlamasında bildirmişdi ki, ölkədə elektrik enerjisi ilə bağlı yaranmış böhranlı vəziyyət Gəncənin icra başçısı Elmar Vəliyevin vurulmasından qat-qat önəmli məsələdir: “Doğrudur, E.Vəliyevin vurulması da sıradan hadisə deyil. Ancaq bu məsələ məqsədli surətdə qabardılır ki, ictimaiyyətin diqqəti məlum qəzadan yayınsın. Bəlkə də əhalinin böyük hissəsinin xəbəri yoxdur ki, Azərbaycan hazırda öz tələbatını ödəmək üçün enerjini Gürcüstan və Rusiyadan alır. Bunun da səbəbi odur ki, Mingəçevirdə baş vermiş qəza nəticəsində elektrik enerjisi istehsalı dayanıb, yanıb sıradan çıxmış qurğu və avadanlıqların bərpası üçün milyardlarla vəsait və veyli vaxt tələb olunur. Bu, ölkə üçün fəlakət deməkdir. Biz isə oturub Elmar Vəliyevi müzakirə edirik. Əslində, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev, eləcə də bu işdə məsuliyyət daşıyan məmurlar azadlıqda olmamalı idilər. Lakin Etibar Pirverdiyev məhz Nəcməddin Sadıqovun qudası olduğu üçün cəzalandırılmır. Görün, necə vəziyyət yaranıb ki, ölkənin enerji sektorunu çökdürmüş şəxs kiminləsə qohum olduğuna görə məsuliyyətdən və cəzadan kənarda qalıb”.

Xatırladaq ki, məsələnin hərtərəfli araşdırılması bağlı iyul ayında prezident yanında xüsusi komisiya yaradılmışdır. Məlum hadisə ətrafında Prokurorluq, DİN, DTX və XDMX-da birgə araşdırmalar aparılırdı. Hazırki sərəncam isə Piriyevin vəziyyətinin olduqca ağır olduğunun göstəricisidir.

Ekspertlər belə gedişlə Etibar Pirverdiyevin həbs ediləcəyini də istisna etmirlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin