Əlyazmalar İnstitutunun direktor müavini oğurluqda günahlandırdığı xidmətçisindən şikayətçi olmayıb

0
15

Oktyabrın 15-də Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 536 min dollar pul və 143 min 400 manat dəyərində qızıl-zinət əşyaları (brilyant qaşlı sırğa-üzüklər, boyunbağılar, qolbaqlar, 5 min manatlıq “Rolex”, 3 min manatlıq “Geneva” kişi qol saatları, qızıl onluqlar, beşliklər və s.) oğurlamaqda təqsirləndirilən keçmiş xidmətçisi Xanım Zeynalova və tanışı Aqşin Qəhrəmanov azadlığa buraxılıb.

AnTv.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, onlar oğurluqda təqsirli bilinsələr də, şərti cəza alıblar.

Qeyd edək ki, X.Zeynalova oğurluq ittihamını qəbul etmir. O, Aybəniz Əliyevanın evində 4 il xidmətçi kimi çalışdıqdan sonra 2014-cü ilin dekabrında çıxıb, ondan sonra metroda işləyib.

X.Zeynalovanın bildirdiyinə görə, Aybəniz Əliyeva 2015-ci ilin oktyabrında ondan sonra həmin evdə xidmətçi işləmiş Mahirə adlı qadından da polisə şikayət etmişdi. İddia edib ki, xidmətçi evdən oğurluq edib.

X.Zeynalova deyirdi ki, A.Əliyevanın qızı, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyevanın dəfələrlə seyfdən anasından gizli külli miqdarda pul götürüb xərclədiyinin şahidi olub. Onun sözlərinə görə, prorektor gördüklərini anasına deməməsi üçün ona xeyli bəxşişlər də verib.

Cinayət işinin materiallarındakı ifadələrdən məlum olur ki, A.Əliyevanın evində müxtəlif adamların adlarına çoxsaylı maaş kartlar vardı və ev sahibinin göstərişilə xidmətçi hər ay o kartlardan pulları çıxarıb gətirib ona verirdi. Əlyazmalar İnstitutunun direktor müavini qızlarına bahalı mənzillər, Mircəlal adlı nəvəsinə şəhərin mərkəzində ofis, “Lamborghini”, “Cadillac” kimi bahalı maşınlar alıb.

A.Əliyeva məhkəmədə zərərçəkmiş qismində ifadə verərəkən X.Zeynalovanın onun evindən oğurluq etdiyini desə də, ona və digər təqsirləndirilən A.Qəhrəmanova qarşı şikayətçi olmadığını bildirib. Məhkəməyə notarial qaydada təsdiqlənmiş barışıq ərizəsi də təqdim edib.

Məhkəmə də hökmündə zərərçəkmişin şikayətçi olmamasını əsas götürüb.

Gülnaz Qənbərli

AnTv.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin