Əli Əhmədov uşaq pulunun bərpasına münasibət bildirib

0
37

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov uşaq pulunun bərpası məsələsinə münasibət bildirib.

AnTV.az APA-a istinadən xəbər verir ki, Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir.

Onun sözlərinə görə, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır və hökumət də bu məsələyə ciddi şəkildə yanaşır”

Ə. Əhmədov bildirib ki, aztəminatlı ailələrə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir:

“Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi şəkildə və eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu daha düzgün yol ola bilər”.

Baş Nazirin müavini qeyd edib ki, hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərməlidir:

“Əks halda biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaydıq, onların iqtisadiyyatı inkişaf etdirməsi üçün, istehsal üçün, hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki, çox olmayacaq. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə daha səmərəli şəkildə onların çalışması üçün əsaslar yaratmaqla bu yolla gediblər”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin