Əli Əhmədov : “Əli İnsanovun azadlığa çıxması İlham Əliyevin şəxsi təşəbbüsüdür”

0
96

Əli Əhmədov özünün facebook səhifəsində Əli İnsanovun azadlığa çıxmasına münasibət bildirib.

AnTV.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində Əli İnsanovun azadlığa çıxmasına münasibət bildirib:

Əli İnsanov azadlığa çıxan kimi ona azadlığı bəxş etmiş Azərbaycan Prezidentinə təşəkkür etmək əvəzinə fərqli ünvanlara üz tutmağa üstünlük verdi. Beləliklə də, adi mənəvi insani dəyər anlayışına formal da olsa əməl etməyə lüzum görmədi. Prezidentin böyük humanizmi əvəzində sadəcə minnətdarlıq etmək kimi insani borcunu ödəməyi bacarmadı. Əlbəttə,bu da bir əxlaqdır və açığını deyim heç də müsbət keyfiyyət kimi qiymətləndirilə bilməz. Məsələnin mahiyyətinə gəldikdə, mənim bildiyimə görə əsl həqiqət bundan ibarətdir ki, keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa çıxarılmasını, onun özünün dediyinin tam əksinə olaraq, heç bir beynəlxalq təşkilat xahiş etməyib və bu mənada onun bəzi xarici dövlətlərə və beynəlxalq təşkilatalara minnətdarlıq etməsi, yumşaq desək, tamamilə yersizdir. Korrupsiya və vəzifə səlahiyyətlərini aşmaqda suçlanaraq azadlıqdan məhrum edilən birisini müdafiə etmək heç bir beynəlxalq təşkilatın ağlına belə gəlməz. Əli İnsanovun azadlığa çıxması məhz elə haldır ki, o, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və böyük humanizmi sayəsində reallaşıb. Bunu bilməmək, qiymətləndirməmək nəinki səhvdir, həm də hesab edirəm ki, böyük qəbahətdir. Onu da qeyd edim ki, bu fikri çoxları bölüşür.

Əli İnsanov hər dəfə ciddi suçlarına görə qanunla cəzasını alıb. Mən onun əməllərinə hüquqi qiymət vermək istəmirəm. Hüquqi qiymət məhkəmə tərəfindən verilir. Ancaq onun suçunun mənəvi tərəfi də var. Bunun da adı Heydər Əliyev yoluna xəyanətdir. Azadlığa çıxan kimi verdiyi bəyanatlar deməyə əsas verir ki, o, əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır. Heydər Əliyev yoluna sadiq olan insanlar bu xəyanəti ona bağışlamırlar və heç zaman bağışlamayacaqlar.

 

Fərid İmran

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin