Eks spiker Rəsul Quliyevə 3 sual, 3 cavab…

0
420

Eks spiker Rəsul Quliyevlə izləyicilərdən birinin kiçik dialoqu baş tutub.

AnTV.az xəbər verir ki, eks spiker sosial şəbəkədə bu barədə paylaşım edib.

Paylaşımda Sahib İmanzadə adlı izləyicinin R.Quliyevə 3 sual ünvanlandığı bildirilib. Hər zaman izləyicilərin suallarını cavablandırıb, təklif və iradlarını nəzərə alan eks spiker sözügedən izləyicinin də hər 3 sualına cavab verib.

Dialoqu olduğu kimi təqdim edirik:

Suallar:

—Salam Rəsul bəy, gənc siyasətlə maraqlanan biri olaraq sizdən belə bir şey soruşmaq istəyirəm. Elçibəy Kələkiyə getməzdən əvvəl onun kabinetinə siz, Əliyev və Etibar Məmmədov gedibsiniz. Orada həqiqətənmi Elçibəyin dediyi kimi Daxili İşlər Naziri seçmə söhbəti olub yoxsa Elçibəy yalan deyir? Və də dediyinə görə Daxili işlər Naziri olaraq siz Rövşən Cavadovu təklif etmisiniz. Buradan da sual yaranır ki, sizin nazir qoymaq istədiyiniz adam niyə 2 il sonra sizə qarşı çıxdı?

—Mart Qiyamının təşkilində Heydər Əliyev iştirak edirdimi? Və Heydər Əliyevin gəlişi həqiqətənmi iç savaşın qarşısını aldı?

—Siz 29 Sentyabr “Qarabağa Azadlıq” mitinqinə bütün dəstəkçilərinizi çağırdınız və orda iştirak etməyin vacib olduğunu dediniz. Lakin mənə maraqlı olan odur ki , təxminən o mitinqdən 15 gün falan əvvəl siz canlı yayında əminliklə dediniz ki , bu hakimiyyət heç vaxt Qarabağı almayacaq. Siz ( hansı ki bu ölkədə MM spikeri işləmiş biri olaraq ) bu iddianı irəli sürdükdən 1 həftə sonra camaatı mitinqə səslədiniz. Sual ordadır ki , bəs hakimiyyət almayacaqsa bunu bilə-bilə camaatı niyə mitinqə çağırdınız?

Cavablar:

-Elçibəy Kələkiyə getməmişdən öncə bəlkədə E.Məmmədov və H.Əliyevlə görüşüb. Belə bir görüş olubsa mən o görüşdə iştirak etməmişəm. Düşünürəm ki, ümumiyyətlə belə bir görüş olmayıb, bu uydurulmuş növbəti fantaziyadır. Ə.Elçibəyin belə bir bəyanat verməsinə də heç vaxt heç yerdə rast gəlməmişəm. Və düşünürəm ki, belə bir bəyanat olmayıb. Həmin gün mən Elçibəylə görüşmək istəyirdim. Və buna azı 5 dəfə cəhd etdim. Mən Əbülfəz bəyə yalan informasiyaların, yəni Sürət Hüseynov Bakıya gələn kimi birinci onu öldürəcəyi barədə məlumatların verildiyindən xəbərdar idim və onun Bakını tərk edə biləcəyindən ehtiyat edirdim. Və onunla görüşüb bu informasiyaların onun getməsi üçün təşkil edildiyini başa salmaq və getməkdən çəkindirmək istəyirdim. Ancaq təəssüf ki, mən kabinetimdə görüş gözlədiyim gecənin yarısı Vağif Axundov zəng etdi və Elçibəyin Bakını tərk etdiyini və bu xəbəri H.Əliyevə çatdırmağımı xahiş etdi. Həqiqət bundan ibarətdir yerdə qalanlar bizim xalqın sevdiyi rəvayətlərdir.
Sözsüz Əbülfəz bəyə heç vaxt R.Cavadovun Dİ naziri qoyulmasını heç vaxt xahiş etməmişəm. Onun nazir yox, birinci müavin təyin edilməsi mənim xahişimlə H.Əliyev tərəfindən edilib. 2 il sonra mənim əleyhimə çıxmasının əsas səbəbkarları Türkiyənin baş naziri və onun qardaşıdır. Onların fikirincə hakimiyyəti ələ keçirmək su içmək kimi bir şey idi və sadəlövh R.Cavadovu buna inandıra bilmişdilər.

-Sual mənasız sualdır.

-Gənc siyasətçiyə belə düşünülməmiş sual vermək yaramaz. Bu hökümət heç vaxt Qarabağı azad etməyəcək, onu indidə təsdiqləyirəm. Bundan ancaq bir nəticə çıxır. Əgər xalq öz torpaqlarını azad etmək istəyirsə aktivləşməli və höküməti məcbur etməlidir. Yəni mitinqlər yolu ilə höküməti dilemma qarşısında qoymalıdır. Ya real torpaqları azad etmək siyasəti aparacaqsan ya da xalq sənin yerinə bu işi görə biləcək adam gətirəcək. Ancaq zəif mitinqlərlə bu işi görmək mümkün deyildir. Yəni ən azı 100 minin əvəzinə maksimum 10 minin Qarabağı istəməsi nəticə verə bilməz.

 

Nurlan Cəfəri

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin