Siyasət

Eks-spiker ermənilərin Gəncə saldırısına münasibət bildirdi - TƏCİLİ

Eks-spiker ermənilərin Gəncə saldırısına münasibət bildirdi.

AnTV.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədri Rəsul Quliyev Gəncə şəhərində baş vermiş hərbi cinayətlə bağlı öz mövqeyini ifadə edib. 

Eks-spiker düşünür ki, Azərbaycana qarşı bu tip hücumlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil siyasət yürütməsi ilə əlaqədardır. 

Sabiq spiker həmçinin məlum terror hadisəsi ilə bağlı digər detallıqlara da toxunmuş və öz təcrübəsinə əsaslanaraq bir sıra tövsiyyələrlə çıxış etmişdir. 

Məlum açıqlamanı olduğu kimi izləyicilərimizin diqqətinə çatdırırıq:

Rəsul Quliyev: "Ermənistanın bu gün Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini raket atəşisinə tutması, sivil insanları kütləvi şəkildə qırması və yaralaması müharibənin artıq başqa istiqamətdə inkişaf edəcəyinin anonsudur. 

Azərbaycan bunun qarşısını təcili sürətdə almağı bacarmalıdır. Ermənistanın arxasında duran qüvvələr onları belə addımlar atmağa və qorxmamağa sövq edir. Bu qüvvələrin kimlər olduğunu biz çox gözəl bilirik. 

Azərbaycan Respublikasının Prezidentinin bəzi beynəlxalq qüvvələrlə razılaşdırmadan   müstəqil addımlar atmasından qəzəblənən ayı bizi yerimizə oturtmaq istəyir. Yəni "mən icazə vermişəm, Ermənistan raketi atıb və siz cavab verə bilməzsiniz, əks halda bizimlə müharibə etməli olacaqsınız" mesajını rəsmi Bakıya vermək istəyir. Ermənistan Dağlıq Qarabağda yaşayan bir ovuc adamı (maksimum 30 min) artıq Dağlıq Qarabağdan çıxardıb. Ona görədə Azərbaycanın şəhərlərini rahat atəşə tutur. Bu səbəbdən də Azərbaycanın Xankəndini bombalamasının effekti yoxdur. Orada hərbi qüvvələr varsa (düşünürəm ki, onlarda oradan çıxıb) bombalamağa dəyər, yoxdursa diqqəti başqa istiqamətlərə yönəltmək lazımdır.

İlk növbədə Azərbaycan ordusu bütün gücünü, artileriyasını, reaktiv silahlarını, raketlərini, dronlarını, təyyarələrini və vertolyotlarını cəmləşdirib böyük qüvvə ilə Dağlıq Qarabağ ərazisində yerləşmiş silahlı qüvvələri məhv etməli və ərazilərimizi tərk etməyə məcbur etməlidir. Azərbaycan ordusu Ermənistan sərhədlərinə qədər irəliləməli və sərhəd qoşunlarını orada yerləşdirməlidir. Bundan sonra Azərbaycan şəhərlərinə atılan istənilən raketin Ermənistanın atdığını fakt kimi ortaya qoymalıdır.

İkincisi isə Türkiyə dərhal işə qarışmalıdır. Onunla birlikdə (Azərbaycana dost olan) başqa ölkələr də Ermənistanı Azərbaycanın üstünə qısqırdan Rusiyaya "əlini" Azərbaycandan çəkməyi, məsələlərə öz ambisiyası ilə yox ədalətlə baxmağı tələb etməlidirlər. Azərbaycan Rusiyanın yaratdığı Avropa-Asiya İttifaqına daxil olan Türk ölkələrindən Ermənistanı yox Azərbaycanı dəstəkləməyin vaxtının çatdığını xahiş etməlidir. 

Rusiyanın Azərbaycana aqressiya etməsinə imkan vermək olmaz. Türkiyənin prezidenti cənab Ərdoğanla bütün məsələləri dərinliklə müzakirə etmək lazımdır."

AnTV.az