Siyasət

Eks-spiker dünya liderlərinə müraciət ÜNVANLADI

Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev dünya liderlərinə müraciət ünvanlayıb.

AnTv.az-ın xəbərinə görə, Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə, Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişelə, Avropa Parlamentinin Prezidenti David Sassoliyə, BMT-nin baş katibi Antonio Quterreş, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenə, Almaniya kansleri Angela Merkelə, Böyük Britaniyanın Baş Naziri Boris Consona, İtaliyanın Baş Naziri Cüzeppe Konteyə, Fransa prezidenti Emmanuel Makrona ünvanladığı müraciətdə deyilir:

"Hörmətli xanımlar və cənablar!

Dünyada dövlətlər arasında milyonlarla insanların hüquqlarını kobudcasına pozan, insanların kütləvi şəkildə qırılması ilə nəticələnən problemlər çoxdur. Təkcə keçmiş Sovet imperiyasının dağılmasından sonra millətçilik zəminində 10-larla problemlər yaranıb və davam edir. Cənubi Asetiya, Abxaziya, Moldova, Ukraynanın Krım və Donbas vilayətlərindəki münaqişələrin mahiyyətlərini yaxşı bilirsiniz. Bu münaqişələr arasında ən ağır, ən çox insan tələfatı ilə fərqlənən münaqişə Ermənistanın 1988-dən 1993-cü ilə qədər  Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsidir. Ermənistan hökuməti tərəfindən təşkil edilmiş millətçilərin işğal və milli zəmində 1987-ci ilin sonundan başlayaraq əvvəl Ermənistan ərazisindən sonra Qarabağdan 1 milyondan çox azərbaycanlının öz torpaqlarından qovub çıxarması Sovet imperiyası dağılandan sonra ağır iqtisadi vəziyyətdə olan Azərbaycan üçün ən azı 5 il əsl fəlakətə çevrilmişdi və bu günə qədər davam edir. Bu faciənin masştabını təyin etmək çox çətin deyil. O dövrdə 7 milyon əhalisi olan Azərbaycanda bir milyon (əhalinin 14 faizi) hər şeydən mərhum olmuş qaçqınlar ordusunun və bütün Azərbaycan xalqının acınacaqlı vəziyyətini təsəvvür etmək çoxda çətin olmaz. Xüsusilə 4 milyon 235 min kvadrat kilometr ərazisi 448 milyon əhalisi olan Avropa ittifaqının 5-10 min qaçqını yerləşdirmək üçün ildə dəfələrlə iclaslar keçirməsi və hər bir ölkənin 500 qaçqın belə qəbul etmək istəməməsi Sizə 90-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü ağır vəziyyətin səviyyəsini başa düşməyə kömək edər. Sovet imperiyası dağılandan sonra 15 respublikanın o cümlədən Azərbaycanın ərazisi, sərhədləri bütün beynəlxalq təşkilatlar, Avropa İttifaqının ölkələri, həmçinin Ermənistan tərəfindən qəbul edilib, müqaviləyə imza atılıb. Buna baxmayaraq Ermənistan bütün beynəlxalq normaları pozaraq Azərbaycanın torpaqlarını işğal edib. 1993-cü ildə BMT tərəfindən Ermənistanın işğal olmuş ərazilərdən qeydsiz şərtsiz çıxması barədə qərar qəbul olunub. BMT-nin 5 daimi üzvündən 3-nə (ABŞ, Rusiya, Fransa) bu problemi həll etmək həvalə olunub. 28 il dəfələrlə bu problemi ancaq sülh yolu ilə həll etmək olar bəyanatları ilə çıxış edən Minsk qrupu əslində Ermənistanın aneksiya etdiyi torpaqlarda həm öz, həm də xaricdən pulla gətirilən başqa ölkələrin vətəndaşlarını Azərbaycan torpaqlarında yerləşdirməyə göz yumaraq Azərbaycanın sülhə əməl etməyin xeyirsiz olduğunu başa düşəcəyinə və nəhayət bu torpaqların Dağlıq Qarabağla birlikdə Ermənistana verməsinə razılıq verəcəyinə inanırdılar.

 

Avropa İttifaqı, Parlamenti, BMT-nin dünya üzrə münaqişə problemlərini həll etmək üçün yüzlərlə qərarları var. Təəssüf ki, bu qərarların heç biri bu günə qədər yerinə yetirilməyib. 1950-ci ildən bu günə qədər BMT və başqa beynəlxalq təşkilatların qəbul etdiyi qərarların heç biri öz həllini tapmayıb. Birinci dəfədir ki, 28 ildən sonra Azərbaycan BMT-nin qəbul etdiyi qərarın yerinə yetirilməsinə az insan itkisi ilə nail olub. BMT və Avropa ittifaqı bu tarixi hadisənin baş verməsi ilə əlaqədar yeni qərarlar qəbul etməlidir.

 

1. BMT-nin qərarını yerinə yetirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür bildirməlidir.

 

 2. Ermənistanın revanşist millətçi qruplarına, onları xaricdən dəstəkləyən ölkələrə torpaqları işğal etmək siyasətindən əl çəkməyi qətiyyətlə tələb etməlidir.

Azərbaycan xalqının hər santimetr torpağı uğrunda axıra qədər vuruşacağına əmin olmağınız lazımdır."

AnTv.az