Əkrəm Əylisli: “Rüstəm İbrahimbəyov dedi ki, Mehriban xanımın görüşündə olub və orada mənim də söhbətim keçib”

“Ramiz Rövşən həmin fəxri adı alıb razı olanda, mən əlbəttə, fikirləşdim ki, bu, sabit adam deyil”.

AnTV.az xəbər verir ki, bu sözləri yazıçı Əkrəm Əylisli “Azadlıq radiosu”na video-müsahibəsində deyib.

Ə.Əylisli bildirib ki, Ramiz Rövşən və Musa Yaqubun fəxri ad alması Azərbaycanda sağlam ziyalı mühitinin yoxluğundan irəli gəlir: “Mən Ramiz Rövşənin özündən dəfələrlə eşitmişəm ki, ona Xalq yazıçısı adının verilməsini istəməyib. O, hətta deyirdi ki, məni Fəxri xiyabanda da dəfn etməsinlər. Doğrusu, kimsə buna belə bir təklif də etməmişdi. Mən ona deyirdim ki, axı sənə belə bir təklif edən olmayıb, indidən niyə əl-ayağa düşmüsən. Ramiz Rövşənin şair olmasının bir nömrəli səbəbkarı mənəm. Bunu heç kəs dana bilməz. Mən onun bir kitabını qanunsuz çap etmişəm. Ona görə mənə cinayət düşürdü. O kitabın çapından sonra şair olmağı üçün mən “Azərbaycan” jurnalında qapıları ona tam açmışdım. Amma bunları məmnuniyyətlə unutdular. Baxın, biri dedimi bu, Əkrəm niyə belə kənarda qaldı, buna bu qədər zülm oldu. Musa Yaquba gəlincə, o ruhən həmişə əyalət adamı olub. Təkcə ona görə yox ki, o əyalətdə yaşayıb, onun ruhu da əyalətə uyğundur. O bu fəxri adı alanda uşaq kimi sevindi. Amma əvvəl o da “yox” deyirdi”.

Yazıçı bildirib ki, o, hələ SSRİ dağılan ərəfədən fəxri adların verilməsini lazımsız hesab edib: “Çünki biri hökumətin nəzərində Xalq yazıçısıdırsa, bu o demək deyil ki, o doğurdan da Xalq yazıçısıdır. Bilirsiz, bu adları fərmanla verirlər. Hesab edirəm ki, elə əvvəl fəxri adlar verilməyə başlayanda, bir neçə adam ciddi cəhdlə buna etiraz etsəydi, bu da ləğv olunardı. “Xalq yazıçısı”, “Xalq şairi” adları ədəbiyyatda çaxnaşma, boşluq, yazıçılara qeyri-obyektiv münasibət yaradır. Yəni, bu fərqləndirmədən mənə elə gəlir ki, heç kəsə xeyir gəlmir. Ədəbiyyat sərbəst inkişaf etməlidir”.

Ə.Əylisli onu da əlavə edib ki, bu yaxınlarda Rüstəm İbrahimbəyovla görüşüb, söhbət edib: “O mənə dedi ki, Mehriban xanımın görüşündə olub və orada mənim də söhbətim keçib. Rüstəmin mənə dediyinə görə, Mehriban xanım da o fikirdədir ki, mənə qarşı müəyyən ədalətsizlik olub”.

 

AnTV.az