Əbülfəz Sadıqbəyli ev dustaqlığına buraxılmayıb

0
65

Yanvarın 3-də Bakı Apelyasiya məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı Səbail məhkəməsinin qərarından şikayətinə baxılıb.

AnTV.az-ın xəbərinə görə, bu haqda onun qardaşı Vasif Sadıqbəyli məlumat yayıb. Onun sözlərinə görə, məhkəmənin başlamasına yarım saat qalmış onlara proses haqqında xəbər verilib.

Belə ki, Apelyasiya Məhkəməsi Səbail rayon məhkəməsinin ev dustaqlığı ilə bağlı qərarından verilən şikayəti qüvvədə saxlayıb.

Qeyd edək ki, Ə.Sadıqbəyli AR Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, ittihama görə, Ə.Sadıqbəyli “Nikoilbank”ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, kreditlə aldığı «Niva» avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.

Ə.Sadıqbəyli isə ittihamı qəbul etmir. Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur. Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.
Gülnaz Qənbərli
AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin