Gündəm

Dünyanı heyrətə salan 21 fevral MƏHKƏMƏ İŞİ – ODDA YANAN BAKİRƏ

1431-ci ilin bu günü, yəni fevralın 21-də Janna Darkın dünya tarixində böyük iz qoyan məhkəməsi başladı. Məhkəmənin hökmünə görə, o, həmin il mayın 30-da “azğınlığa, cadugərliyə və kişi geyimindən istifadə etdiyinə görə” Ruanda yandırıldı.

  • Haşiyə: Janna Dark 1412-ci il yanvar ayının 6-da Fransanın şimal-şərqində Meze çayının kənarında yerləşən Domeremi kəndində anadan olmuşdu. Onun atası Jak Dark əkinçiliklə məşğul olurdu, anası İzabelin 5 uşağı vardı. Ortancıl övladları olan Janna ailənin adi uşaqlarından biri idi. Onu o dövrdə həmyaşıdlarından fərqləndirən tək bir amil vardı. Bu da Darkın dinə böyük hörmət bəsləməsi və bu məsələdə özünü kilsənin qızğın tərəfdarı kimi göstərməsi idi. Sonralar kilsəyə olan bu sevgisinə görə yaxın yoldaşlarından biri onu “Tanrının və Həzrəti Məryəmin xidmətçisi” adlandırmışdı.

Uşaqlığı Fransa üçün çətin bir dönəmə təsadüf etmişdi. Yüz illik müharibə ölkənin ən böyük bəlasına çevrilmişdi. 21 May 1420-ci ildə Truadakı razılaşmaya görə İngiltərə Kralı V Henri Fransız taxtının varisi və Fransa hökmdarı olmuşdu və qanuni varis olan VII Karl taxtdan uzaqlaşdırılmışdı. Əslində bu, Fransanın İngiltərəyə birləşdirilməsi demək idi. Bundan sonra ölkədə ingilislərin vassalları olan Dofinlərin və Burqon əsilzadələrinin hakimiyyəti dövrü başlamışdı.

Şayiələr yayılmışdı ki, Fransa kraliçası İzabella bu anlaşmanın əsas təşəbbüskarı olub. Bütün ölkəni dəhşət bürümüşdü: “Qadın Fransanı məhv etmişdi”.

Janna, xalq arasında Orlean Qızı adlandırılan fransız qadın tarixin bu dönəmində böyük missiyanın altına girməyə qərar verdi. Bir sıra qələbələr qazanan Janna Dark 1427-ci ildə Karlı taxt-taca sahib etdi. Lakin o özü 1430-cu ildə ingilislərin müttəfiqi burqundlara əsir düşdü. Onlar da Jannanı ingilislərə satdı.

Janna ölümündən 26 il sonra – 1456-cı ildə Fransa məhkəməsi tərəfindən bəraət aldı. Lakin 1920-ci ildə katolik Kilsəsi Janna Darkı müqəddəslər sırasına daxil etdi. 1979-cu ildən Fransada mayın 2-ci bazar günü Janna Dark günü kimi qeyd edilir.

ÖLÜMƏ YOL ÇƏKƏN MƏHKƏMƏ

Jannanın məhkəməsi 1431-ci ilin yanvarında  başladı. O, rəsmi olaraq, kilsə tərəfindən cadugərlik ittihamı ilə mühakimə olundu. Janna məhkəmə dövründə əsir olaraq İngilislərin mühafizəsi altında həbsxanada saxlanılırdı. İngilis hökuməti onun məhkəməsində birbaşa iştirakını və marağını gizlətmirdi. Fransız qadının mühakiməsi bir neçə ay davam etdi.

Məhkəmədəki ifadələri isə nəinki o dövrdə ruhaniləri, hətta bütün insanları heyrətə gətirirdi. Janna deyirdi ki, gün ərzində bir neçə dəfə İlahidən səs eşidirmiş. Ona görə də əvvəlcə qorxur, buna görə də oruc tuturmuş. İlahi səsi isə ona sağ tərəfdən kimsə pıçıldayırmış. “Bu səs həmişə mənə hakim idi. Daha sonra səs hər gün mənə görünməyə başladı və bir gün qəti əmr aldım: Gedib Orlean şəhərini mühasirədən qurtarmalı idim. Yolunu bağlamağa çalışanlara Janna deyirmiş ki, “Fransa bir qadın tərəfindən məhv ediləcək və bir bakirə tərəfindən xilas ediləcək”.

Məhkəməyə ingilis maraqlarının Fransadakı fəal tərəfdarı olan Piyer Kaşon başçılıq etdi. Janna Darka məhkəmədə 12 ittiham irəli sürüldü. Onun mühakiməsi Karlın azğın və cadugər vasitəsilə taxta oturulduğunu, əslində VI Henrinin Parisdə Fransa və İngiltərə Kralı elan edildiyini isbat etmək idi.

Ancaq məhkəmə zamanı Jannanı günahlandırmanın asan olmayacağı aydın oldu. O, məhkəmədə özünü misilsiz cəsarətlə apardı, bidət və şeytanla ünsiyyət ittihamlarını inamla rədd etdi. Jannanın cadugərliyini etiraf etmədiyini görəm məhkəmə digər faktlara diqqət çəkdi.

Məsələn, qadının kişi paltarını geyinməsi kimi bu gün absurd kimi görünən günahı şişirdildi. Kilsənin nüfuzuna məhəl qoymamaq və Jannanın eşitdiyi səslərin şeytandan gəldiyini sübut etməyə çalışan məhkəmədə ruhanilər bütün eybəcərliklərə əl atırdılar. Onlar fransız xanımını Papaya müraciət etməyə belə icazə vermədilər.

Jannanın iradəsini sındırmaq üçün onu dözülməz vəziyyətə saldılar. İngilis mühafizəçiləri onu təhqir edir, məhkəmə isə onu işgəncəyə məruz qoyacağını deyirdi. Lakin Janna günahkar olduğunu qəbul etməkdən imtina edirdi. Yepiskop Jannanı günahını boynuna almadan ölümə məhkum edərək, böyük mifin ortaya çıxmasına şərait yaradacağını yaxşı bilirdi.

Ona görə də Yepiskop 24 May 1431-ci ildə gözlənilməz bir hərəkət etdi, Jannanı yandırmaq üçün böyük alov yandırmasını əmr etdi.

Ruhani atəşin yaxınlığında onu dilə tutmağa başladı. Jannanı ingilis həbsxanasından kilsə həbsxanasına köçürəcəyinə söz verdi, burada ona yaxşı qayğı göstəriləcəyini vurğuladı. Yetər ki, Janna günahını boynuna alsın və Kilsəyə itaət haqqında bir sənəd imzalasın. Janna razılaşdı. Ona deyilən mətn dəyişdidirildi. Təqdim edilən kağızda isə göstərilirdi ki, guya Janna bütün “xəyallarından” tamamilə imtina edir.

Belə bir saxtakarlığı Janna ağlına belə gətirməzdi. Ona görə də savadsız Janna razılıq əlaməti olaraq həmin kağıza bir xaç qoydu. Əlbəttə, bundan sonra o, həbsxanaya göndərildi. 29 May 1431-də arxiyepiskop kilsəsinə toplanan hakimlər və köməkçilər məhkum edilmiş qadın haqqında son qərarı verdilər. Bu, ölüm hökmü idi. Janna odda yandırılmaqla ölümə məhkum edildi.

Bəşər tarixində silinməz cəsarət nümunəsi qoyan 21 yaşlı Janna Dark haqqında hökm 30 may 1431-ci ildə icra edildi. Hökm zamanı qızın bağlı olduğu sütundakı lövhədə belə bir yazı vardı: “Özünü bakirə, mürtəd, cadugər, lənətlənmiş küfr, qan tökən, şeytanın xidmətçisi və azğın adlandıran Janna”.

Edam çox sayda insanın əhatəsində keçirildi. Yandırılma mərasimini ingilis əsgərləri xüsusi canfəşanlıqla qoruyurdu. Jannanın həmin anda dediyi sözlər isə əsrlər keçsə də, tarix kitablarından boylanır, qulaqlarda hələ də səslənir: “Yepiskop, sənə görə ölürəm. Səni Allahın hökmünə çağırıram!”

Janna alov dilləri arasında qışqıra-qışqıra ona xaç verilməsini istəmişdi. Cəllad ona çarpazlanmış iki budaq uzatmışdı. Alov onu bürüyəndə qadın yalnız bir neçə də  “İsa!”- deyə qışqıra bilmişdi.

Mərasimdə bu səhnəni görən hər kəs ağlamağa başlamışdı.

Bəli, edam hökmü icra edildikdən sonra Jannanın külləri Siena çayının üzərinə səpələndi. Lakin İngiltərə və Fransada ildırım sürətilə belə mif yayıldı ki, əslində o, ölməyib, insanlar arasında dolaşmaqdadır.

Onun ölümü ilə bağlı sirrlər bu gün də müzakirə olunur.

Bir versiyaya görə, Janna ölümdən qaçmağa macal tapmışdı. Hətta onun Robert d’Armoislə evləndiyi və iki oğul doğduğu da deyilir.

Bəs bu şaiyələr necə yarandı? Tarixçilər deyir ki, insanlar edam əsnasında məhkumun üzünün qapaqla örtülü olduğunu deyirdilər. 800 əsgərdən ibarət “kordon”un arasında edam edilənin Janna olduğu aşkar görünmürdü.

Yalnız edam hökmü tam icra edildikdən sonra cəllad tamaşaçılara cəsədi görməyə icazə vermişdi: Cəsəd tanınmaz dərəcədə yanmışdı.

Hazırladı: Natiq Səlim