Deputat: “Qoy erməni jurnalistlər Azərbaycandakı inkişafı öz gözləri ilə görsünlər”

0
9

“Erməni jurnalistlərin Azərbaycana, azərbaycanlı jurnalistlərin isə Ermənistana səfərinin təşkil edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas faktor olmasa da, müəyyən yardımçı funksiyanı həyata keçirə bilər. Buna “xalq diplomatiyası” deyirlər. Hər kəsə bəllidir ki, bu münaqişəni Ermənistan və Azərbaycan həll etməlidir”.

AnTV.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, bu prosesə dinamika vermək, ölkə daxili ictimai fikri formalaşdırmaq üçün mətbuatın böyük imkanları var:

“Mətbuat sözün həqiqi mənasında, IV hakimiyyət rolunu oynayır. Belə olan halda, erməni jurnalistlər Azərbaycana səfər etdikdə ölkəmizdəki inkişafı, sabitliyi, təhlükəsizlik mühitini öz gözləri ilə görəcəklər. Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı ilə tanış olacaqlar. Burada insanlar dinc, təhlükəsiz şəraitdə yaşayırlar. Erməni jurnalistlər əmin olacaqlar ki, ermənilər Azərbaycanın torpaqlarının bir hissəsini işğal etməklə ölkənin zəiflədilməsinə, geri düşməsinə nail ola bilməyiblər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunu seçib, bu istiqamətdə siyasət davam etdirilir. Erməni jurnalistlər ölkədə bir çox sahələr üzrə islahatların aparıldığının şahidi olacaq. Onlar bunu mətbuatdan oxuyurlar, amma Bakıda olanda öz gözləri ilə görəcəklər, geri döndükdən sonra fərqli ampulada təqdim etmək niyyətləri olsa da belə, bir çox hallarda gördükləri həqiqətləri çatdırmaq məcburiyyətində qalacaqlar. Eyni zamanda, azərbaycanlı jurnalistlər də Ermənistana gedib, oradakı prosesləri izləmək şansı əldə edəcəklər. Ermənistanın işğal siyasəti onlara heç bir zaman fayda verməyib. Hazırda Ermənistan dünyanın ən kasıb ölkələrindən biridir, heç bir investisiya cəlbedicilik əmsalı yoxdur. Orada sözün həqiqi mənasında, heç bir islahatdan söhbət gedə bilməz, ölkədə iqtisadi durum acınacaqlıdır. Bütün bunları azərbaycanlı jurnalistlər öz gözləri ilə görəcəklər və geri döndükdən sonra geniş şəkildə işıqlandıracaqlar. Qoy ermənilər və azərbaycanlılar jurnalistlərin gözü ilə həqiqətləri görsünlər. Görsünlər ki, işğal siyasəti Ermənistana necə zərbə endirib… Ermənistan işğal siyasətinə son qoyarsa, böyük qlobal layihələrdə iştirakına baxıla bilər”.

Deputat vurğulayıb ki, belə səfərlərin olmasının müsbət tərəfləri kifayət qədərdir:

“Ermənistan xalqı əmin olmalıdır ki, Azərbaycan xalqı sülhpərvərdir. Əvvəllər də “xalq diplomatiyası” istiqamətində addımlar atılırdı. Amma Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bunun qarşısını aldı. O, bunu niyə etdi? Çünki Azərbaycana gələn ziyalılar Ermənistana qayıtdıqdan sonra tamamilə fərqli fikirlər söylədilər. Onlar bildirmişdilər ki, Azərbaycan xalqının bir istəyi var: İşğala son qoyulsun, xalqlar dinc şəraitdə yaşasın. Təmaslar Ermənistanın o vaxtkı hakimiyyətinin maraqlarına zidd idi”.

 

AnTV.az

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin
Xahiş edirik adınızı daxil edin