Xəbərlər

Dəhşət: Azərbaycanda itlərə iynəli çörəklər verdilər

21 martda heyvan hüquqları müdafiəçisi Nicat İsmayılov itlərin önünə atılmış iynə batırılan çörək görüntülərini paylaşıb. O, hadisənin Qəbələnin Vəndam kəndində baş verdiyini bildirib.

 

Martın 24-də Nicat İsmayılov, Aynur Babazada və Ayan Həşimova hadisə ilə bağlı faktları araşdırmaq, polisə şikayət etmək məqsədilə Qəbələnin Vəndam kəndinə yola düşüblər.

 

“Daha əvvəl də Qəbələdə uzun vaxt keçirmişəm. Oranı yaxşı tanıyıram. Bu səbəbdən video mənə göndəriləndən sonra kənd sakinləri ilə rahat əlaqə yarada bildim. Dedilər ki, artıq iynəli çörəkləri heyvansevər dostlarımız yığışdırıb. İti iynə batırılan çörək yedizdirərək öldürmək vicdansızlığın son həddidir. Biz itlərin güllələnməsi ilə mübarizə aparırdıq, heç demə, itləri iynəli yemək verərək öldürürlərmiş”, -Nicat İsmayılov deyib.

 

Hadisənin baş verdiyi iddia edilən yerdə aptek, tikinti materialları satılan mağaza və kafe var. Meydan TV əməkdaşı da eko-aktivistlərlə birgə aptekə daxil olaraq əczaçıdan 3 gün əvvəl baş verən hadisəyə şahid olub-olmadıqlarını soruşub. Əczaçı bildirib ki, hadisənin şahididir, lakin itləri öldürmək istəyən şəxs yaşlı və kasıb olduğundan onun kim olduğunu demək istəmir. Aktivistlərin xahişindən sonra əczaçı telefonunda saxladığı görüntüləri onlara göstərib.

 

Kamera görüntülərindən məlum olub ki, yaşlı bir kişi iynə batırılan çörək dilimlərini aptekin önündə gəzən ağ rəngli itin önünə atır. İt çörəyi dişləsə də, onu yemir və yerə tüpürür.

 

Aptekdən çıxarkən aktivist gəncləri sağ qalan həmin it qarşılayıb. İt ölməyib, yenə də ona atılan çörək tikələrinə baxıb, amma yemək istəməyib.

 

Kənd sakinlərindən biri çəkilişə etiraz edib. Adının Aslan olduğunu deyən kənd sakini bildirib ki, 40 ildir kənd məktəbində tarix müəllimi işləyir.

 

“Kənddə o qədər kasıb-kusub var. Durub itə görə gəlmisiniz Qəbələyə? Nə böyük iş olub ki? Gedək problemi olan insanları çəkin, itə görə də şikayət edərlər? Ayıbdır, belə şeyləri çəkib kəndimizin adını batırmayın”, - deyən müəllim hadisənin işıqlandırılmasına etiraz edib.